Olaylar.az xəbər verir ki, bu sözləri Musavat.com-a siyasi təhlilçi Sona Əliyeva deyib.
O, bu düzəlişin tarixinə ekskursiya edib:
"Düzəliş ilk dəfə 1992-ci ildə "Azərbaycan tərəfindən Ermənistana qarşı blokadasını dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılmışdı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən Konqresdə irəli sürülmüşdü. Nəticədə düzəliş Konqres tərəfindən qəbul olunmuşdu.
Keçmiş ABŞ prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamışdı. Co Bayden dəfələrlə onun ləğv edilməsinə qarşı çıxmışdı. 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində "907-ci düzəliş" qeyri-müəyyən müddətə dondurulmuşdu. ABŞ prezidentləri həmin tarixdən etibarən düzəlişin tətbiqindən imtina etsələr də, 2023-cü ildə qəbul edilən "Ermənistanı müdafiə aktı" çərçivəsində 2024-2025-ci illərdə ABŞ prezidentinin bu aktın tətbiqini dayandırmaq səlahiyyəti də ləğv edilmişdi.
Avqustun 8-də Azərbaycan, ABŞ, Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı düzəlişin tətbiqinin Amerika prezidenti tərəfindən növbəti dəfə dayandırıldığı elan olundu.
Onsuz da 2000-ci illərin ortalarından sonrakı mərhələdə Azərbaycanın ABŞ yardımlarına ehtiyacı yox idi. Çünki neft müqavilələrinin icrası nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf etdi, Azərbaycan yardım alan ölkədən yardım edən ölkəyə çevrildi. Belə halda "907-ci düzəliş"in mövcudluğu mənəvi və siyasi cəhətdən arzuolunmaz idi. Artıq belə bir düzəliş mövcud deyil və bu, müzəffər Ali Baş Komandanımızın, cənab Prezidentimizin növbəti zəfər təntənəsidir.
Avqustun 8-də Azərbaycanın haqq işi - sülh diplomatiyası Birləşmiş Ştatları, bədnam "907-ci düzəliş"in qəbul olunduğu Konqresi, hətta Ağ Evi fəth etdi. Konqresdə qəbul olunmuş qərar məhz ABŞ-ın birinci şəxsinin iqamətgahında tarixin tozlu arxivlərinə göndərildi. Bu hadisə həm də 1992-ci ildəki Azərbaycanla 2025-ci ildəki dövlətimizin güc nisbətinin aydın şəkildə təzahürüdür.
Bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır. Eyni zamanda iqtisadi aspektdən də vacib hesab edilir. Qətiyyətlə deyə bilərik ki, Birləşmiş Ştatların hazırkı rəhbərliyi tərəfindən atılan bu addım ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq.
2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımından faydalana bilib.
Göründüyü kimi, ötən il Azərbaycanla müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dən ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efiopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar.
Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu, fərqli sektorlarda Vaşinqton yardımından istifadə imkanları deməkdir".
Siyasi təhlilçi onu da vurğulayıb ki, sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək:
"ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Düzəlişin ləğvi xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında amerikalı biznesmenlərin ölkəmizə axını üçün yaşıl işığın yandırılması deməkdir.
Düşünürəm ki, bu düzəlişin ləğvinin Azərbaycan və ABŞ strateji tərəfdaşlığının güclənməsinə xüsusi təsir imkanları var. Bu, artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir. Eyni zamanda, düzəlişin ləğvi Azərbaycana ABŞ-dən daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyuluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq.
Bu kontekstdən, düzəlişin ləğvi fonunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Birləşmiş Ştatlar texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Vaşinqtonun iqtisadi fəallığı deməkdir. Bütün bunlar ondan xəbər verir ki, "907-ci düzəliş"in ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa töhfə verəcək.
Bir sözlə, bu bədnam və 33 il ədalətsizliyin simvoluna çevrilmiş sənədin ləğv olunması isə strateji baxımdan mühüm əhəmiyyət daşıyır. "907-ci düzəliş"in Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha geniş və səmərəli bir müstəviyə keçidini təmin edəcək. Azərbaycan Prezidentinin düşünülmüş, balanslı və uzaqgörən siyasəti Atlantik okeanının o biri sahillərində də zəfər çalmaqdadır. Bu, təkcə bizim yox, həm də türk dünyası diplomatiyasının böyük uğurudur".