Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.
Oxu.Az həmin anların videogörüntülərini və prezidentlərin söhbətini təqdim edir:
Prezident İlham Əliyev: Gözəl qələmlərimiz var burada.
Prezident Donald Tramp: Bunlar gözəl qələmlərdir. Bu qələm yazır. Deyirdilər, gözəl, bahalı qələmimiz var. Amma onlar işə yaramadı. Bu isə yazır. Yaxşı. Baxaq. Mən burada imza atıram. Bəli, qarşıdan Rusiya ilə böyük bir həftəsonumuz gəlir. Bu barədə eşidəcəksiniz.
Sənədə imza atandan sonra onu İlham Əliyevə ötürür: Burada imza edin.
Prezident İlham Əliyev: Sağ olun!
Prezident Donald Tramp qutuda olan qələmlərə işarə edərək: Yadigar saxlamaq üçün dəyərli bir şeydir.
Prezident İlham Əliyev: Həm də məşhur.
Prezident Donald Tramp: Çox məşhur. Mənim başqa məşhur əşyalarım da var.
Əliyev imza çəkdikdən sonra Prezident Tramp: O, (İlham Əliyevin imzasını nəzərdə tutur) çox estetikdir.
Prezident İlham Əliyev: Ancaq sizin imzanız daha gözəldir.
Prezident Donald Tramp: Mənim yaxşı imzam var. Deyirlər ki, imzam yaxşıdır. Mən avtomat qələmdən istifadə etmirəm. Təsəvvür edə bilirsinizmi? Onun (Baydeni nəzərdə tutur – red.) imzaladığı hər şey avtomat qələmlə idi. Heç vaxt heç nəyə imza atmazdı. Hər şey gülünc idi. Hər halda, bunu bilirsiniz.
Sənəd imzalandıqan sonra Prezident Donald Tramp: Tamam. Beləliklə, burada bir neçə kiçik şey var.
Prezident İlham Əliyev qələmi göstərərək: Özümdə saxlayıram?
Prezident Donald Tramp: Bəli, bəli, onu özünüzdə saxlayın.
Bu zaman imzalanmaq üçün digər sənəd təqdim olunur.
Prezident Donald Tramp: Burada başqa bir şey ver.
Prezident İlham Əliyev: Bu da tarixi hadisədir.
Prezident Donald Tramp: Bu, çox vacibdir.
Sonra isə katibədən soruşur: Ancaq mən imzalayıram, yoxsa hər ikimiz?
Katibə: Yalnız Siz, cənab.
Prezident Donald Tramp: Yaxşı, amma yaxşı bir imza olardı.
Prezident İlham Əliyev: 33 il davam edən sanksiyaların sonu. Prezident Trampın sayəsində mümkün oldu.
Prezident Donald Tramp: Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkidə qalib gəlməyimizdən əvvəl.
Prezident İlham Əliyev: Bəli, Sizin qalib olmağınızdan əvvəl. Bu mənim səmimi sözlərim idi. Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır.
Prezident Donald Tramp: Pakistan və Hindistan arasında qarşıdurma. Bu ciddi məsələ idi, çünki hər ikisi nüvə silahına malik ölkədir.
Prezident İlham Əliyev: Kamboca və Tailand.
Prezident Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər çəkdi döyüşlər – 33, 35 il?
Prezident İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə başlayıb.
Prezident Donald Tramp: Lakin münaqişə həll edilmirdi.
Prezident İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı.
Prezident Donald Tramp: Bu çox ciddi bir məsələdir.
Prezident İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.
Prezident Donald Tramp: Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir.
Prezident İlham Əliyev: Azərbaycan mətbuatı bunu işıqlandıracaq.
Prezident Donald Tramp: Siz böyük lidersiniz.
Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.
Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.
Prezident İlham Əliyev: Mənim doqquz nəvəm var, icazə versəniz, hamısını götürərdim.
Prezident Donald Tramp: Sizin doqquz nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də, dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəklinizi də çəksinlər.
Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.