Bakı, 14 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətini bərpa etdiyi müəyyən olunub.
Agentliyin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.