Çin və Hindistan hakimiyyəti 2020-ci ildə dayandırılmış sərhəddə ticarətin bərpası üçün danışıqlar aparırlar.
Hafta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat verib. Məlumata görə, Çin Xarici İşlər Nazirliyi Pekinin Hindistanla bu məsələnin həllinin intensivləşdirilməsində maraqlı olduğunu vurğulayıb. Nyu-Delhi "Bloomberg"in sorğusuna cavab verməyib.
Qeyd edək ki, Hindistan və Çin 30 ildən çox bir müddətdə Himalay dağlarındakı sərhəddə üç məntəqədə ticarət aparıblar. Sahibkarlar əsasən ədviyyat, elektrotexnika, mebel, heyvan yemi alqı-satqısı həyata keçiriblər. Eyni zamanda, ticarətin həcmi nisbətən kiçik olub - 2017 və 2018-ci illərdə cəmi 3.16 milyon dollar.
"Hər iki tərəf ümumi sərhəddə müəyyən edilmiş məntəqələr vasitəsilə ticarətin bərpasını təklif edib və hazırda bu məsələ ikitərəfli müzakirələrin mövzusudur", - deyə "Bloomberg" yazır.
Xatırladaq ki, ticarət məntəqələri koronavirus pandemiyasının başlanması, eləcə də bununla üst-üstə düşən sərhəd münaqişəsi səbəbindən, Çin və Hindistan arasında münasibətlərin pisləşməsindən sonra bağlanıb. Toqquşmalar nəticəsində dörd Çin əsgəri və 20 Hindistan hərbçisi həlak olub.
"Bloomberg" qeyd edir ki, Pekin və Nyu-Delhi münasibətlərin normallaşdırılması üçün addımlar atırlar. Beləliklə, tərəflər sentyabrda uçuşları bərpa etməyi planlaşdırırlar. Çin, həmçinin Hindistana gübrə tədarükünə qoyulan məhdudiyyətləri də yüngülləşdirib.