Dünyaca məşhur "Virgin Active" idman zalları şəbəkəsi televiziya ulduzunun məhkəməyə verməklə hədələməsindən sonra transseksuallara qadın paltardəyişmə otaqlarından istifadəni qadağan edib.
Bu barədə "Daily Mail" nəşri məlumat verib.
Resursun yazdığı kimi, səkkiz ölkədə 230 klubu olan idman zalları şəbəkəsi öz müştərilərinə elektron məktub göndərib və onları klub qaydalarındakı vacib yenilik barədə məlumatlandırıb.
"Qanunlara riayət etmək üçün biz klub qaydalarımızı yeniləməli olduq ki, soyunub-geyinmə otaqları və tualetlər bioloji cinsə görə ayrılsın", - deyə məktubda bildirilib.
Materialda qeyd edildiyinə görə, bu, "GB News"un aparıcısı Mişel Dyuberrinin "qadınların paltardəyişmə otağında kişi gördüyü" üçün idman zalına üzvlüyünü ləğv etdiyini söyləməsindən sonra baş verib.
Nəşrin məlumatına görə, ulduzun vəkilləri şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyi ilə hədələyən məktub göndəriblər.