AZ

"Neftçi"dən antirekord və yubiley

BAKI. 17 avqust. TELEQRAF

“Neftçi” ardıcıl 3-cü mövsüm Azərbaycan Premyer Liqasına qələbəsiz başlayıb.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” 2025/2026 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/2024 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə - 2007/2008 və 2008/2009 mövsümlərində ardıcılstartda xal itirib. Komanda 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov isə yubiley oyununu keçirib. “Şamaxı” ilə qarşılaşma 23 yaşlı futbolçu üçün 100-cü olub. Səfərov bu matçlarda 5 qola imza atıb.

Debütü 2021/2022 mövsümünə təsadüf edən futbolçu “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib. O, Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.

Seçilən
53
49
teleqraf.com

10Mənbələr