Kreml liderinin Alyaskada ABŞ prezidenti qarşısında hansı təklif və tələblərlə çıxış etdiyi açıqlanıb...
Poliqon xəbər verir ki, Reuters agentliyi prezident Vladimir Putinin Alyaskada ABŞ lideri Donald Trampla görüşü zamanı irəli sürdüyü təkliflərin detallarını açıqlayıb. Məsələni yaxından bilən, adlarının açıqlanmasını istəməyən mənbələrə görə, bu təkliflər Ukrayna və Qərb liderləri arasında müzakirələr əsasında formalaşdırılıb, lakin tam siyahını əhatə etmir.
Mənbələrin bildirdiyinə görə, Putin atəşkəsin yalnız hərtərəfli sazişdən sonra mümkün olacağını bəyan edib. Bu, Ukrayna prezidenti Volodimir Zelenskinin əsas tələbi olan dərhal atəşkəsin qarşısını alır. Rusiya lideri Kiyevdən Donetsk və Luqansk vilayətlərinin şərq bölgələrindən qoşunlarını çıxarmağı tələb edib. Əvəzində isə Moskva cənubdakı – Xerson və Zaporojye vilayətlərində cəbhə xəttinin dondurulmasını vəd edib. Lakin Ukrayna Donetskdəki mövqelərindən geri çəkilməyi qətiyyətlə rədd edib.
Mənbələr əlavə edib ki, Rusiya Sumı və Xarkov vilayətlərində ələ keçirdiyi kiçik əraziləri geri qaytarmağa hazır ola bilər. Hazırda Moskva bu iki vilayətdə təxminən 440 kvadrat kilometr ərazini nəzarətdə saxlayır, Kiyev isə ümumilikdə 6600 kvadrat kilometr Donbas torpaqlarını qoruyur.
Reuters yazır ki, Putin həmçinin Krımın 2014-cü ildən Rusiya suverenliyi altında olmasının rəsmi tanınmasını tələb edib. Mənbələr bunun yalnız ABŞ hökuməti, yoxsa bütün Qərb dövlətləri və Ukrayna tərəfindən tanınmasını nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Digər tələblər arasında Rusiyaya qarşı bir sıra sanksiyaların ləğvi də var. Bunun ABŞ-ın, yoxsa Avropanın məhdudiyyətlərinə aid olduğu aydın deyil. Bundan əlavə, Putin Ukraynanın NATO-ya daxil olmamasında israr edir, lakin ona müəyyən təhlükəsizlik zəmanətlərinin verilməsinə qarşı çıxmır.
Mənbələrin məlumatına görə, Rusiya həmçinin rus dilinə bəzi bölgələrdə və ya bütün Ukrayna ərazisində rəsmi statusun verilməsini, eləcə də Rus Pravoslav Kilsəsinin sərbəst fəaliyyətinə icazə verilməsini istəyir.
Poliqon.info