AZ

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib - SİYAHI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın süni intellekt (Sİ) elementləri ilə təchiz olunmuş zərbə dronlarının inkişafını məhdudlaşdırmaq məqsədilə yeni sanksiyalar tətbiq edib.

Referans xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

    Dövlət başçısının Ofisi prezidentin 599/2025 saylı fərmanını açıqlayıb. Bu fərmanla Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının 16 avqust 2025-ci il tarixli “Fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” qərarı qüvvəyə minir.

    Sənədə əsasən, sanksiyalar siyahısına Rusiyadan və Çindən olan 39 fiziki şəxs və 55 hüquqi şəxs daxil edilib. Fərman dərc olunduğu gündən qüvvəyə minir.

    Prezidentin sanksiya siyasəti üzrə müşaviri Vladislav Vlasuk jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya süni intellektdən istifadə etməklə pilotsuz uçuş aparatlarının istehsalına böyük sərmayələr yatırır və bu proses ciddi qəbul edilməlidir. O bildirib ki, Sİ tətbiq edilən dronlar daha yüksək muxtariyyət, dəqiqlik və radioelektron mübarizə vasitələrinə qarşı dayanıqlılıq nümayiş etdirir, hədəfləri operatorun iştirakı olmadan müəyyənləşdirib izləyə bilir.

    Vlasukun sözlərinə görə, belə dronların istehsalı üçün müasir elektron komponent bazası və böyük hesablama resursları həyati əhəmiyyət daşıyır. Hazırlanmış sanksiya paketi də məhz bu imkanları təmin edən şirkətləri hədəfə alır.

    Xüsusilə, sanksiyalar siyahısına daxil edilənlər:

    “Proqmatik” – elektron avtopilot və süni intellekt əsasında avtomatik hədəf izləmə sistemi ilə təchiz olunmuş “Mikrob 10” tipli FPV-kamikadze dron istehsalçısı.

    “Ağıllı quşlar” – döyüş yükü 3,5 kq-a qədər olan, optik hədəf izləmə sistemi ilə təchiz edilmiş və REM maneələrini avtomatik dəf edə bilən “Soroka” FPV-kamikadze dron istehsalçısı.

    Çin şirkətləri: Dongguan Standard Trading Co., Zhejiang Lianxing Machinery Co., Guangzhou Benquan Import & Export, Shenzhen Sky Bow Navigation Technology, Harbin Bin-Au Technology Development, Topscom Precision Industry – “Şahed” və digər dronlar üçün əsas komponentlərin (naviqasiya qəbulediciləri, mühərriklər, marşrutlaşdırıcılar, kameralar, mikrosxemlər, tranzistorlar, rezistorlar və rezonatorlar) təchizatçıları.

    “Neyrolab” Sİ Texnologiyaları Mərkəzi – dronlar üçün avtonom naviqasiya, hədəf tanıma və sensor məlumatlarının emalını təmin edən süni intellekt modellərini hazırlayan və təlim etdirən təşkilat.

    Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi – Rusiyada pilotsuz sistemlər və texnologiyalar sahəsində innovasiyaları tətbiq etmək üçün yaradılmış təşkilat.

    Vlasuk vurğulayıb: “Bu şirkət və təşkilatlara qarşı tətbiq edilən sanksiyalar strateji əhəmiyyət daşıyır. Çünki onlar Rusiyanın süni intellektlə təchiz edilmiş zərbə dronlarının inkişafında əsas zəncirləri məhdudlaşdırmağa yönəlib. Ukrayna tərəfdaşlarımızla birlikdə bu və digər sanksiyaları sinxronlaşdıraraq Rusiyanın hərbi istehsalatındakı kritik elementlərə təzyiqi artırmaq üçün ardıcıl çalışır.”(APA)

    Seçilən
    11
    9
    referans.az

    10Mənbələr