AZ

Divar hörməyək, körpü quraq!


Bütün dövrlər üçün aktual olan çox möhtəşəm bir deyim var: “Övlad öz valideynindən daha çox zəmanəsinə oxşayır”. Əslində, hər birimiz bu həqiqəti bu və ya digər dərəcədə öz həyatımızda hiss etmişik, ya da hiss etməkdəyik.
Tez-tez eşitdiyimiz “Bizim dövrümüzdə böyüklərə hörmət var idi...”, “Bizim dövrümüzdə kiçiklər öz yerini bilirdi...” və s. kimi deyimlər də elə bu həqiqətin ifadəsidir. Bəli, zaman dəyişir, insan daha komfortlu, daha dəbdəbəli həyata can atır. Texnoloji inkişaf hər gün ortaya yeni bir şey çıxarır. Biz bugünkünü öyrənməyə macal tapmamış yenisi çıxır. Hər şey dəyişir, hər şey yenilənir. Bu sürətə yetişməyə imkanı olmayanlar çox şeydən təcrid vəziyyətə düşür...
Ağlın sürətlə yarışdığı bir zaman dilimində yaşayırıq və belə bir mühitdə yaş nəsilləri arasında problemlərin, daha doğrusu, anlaşılmazlıqların olmaması, sadəcə olaraq, qeyri-mümkündür. Çünki dəyişən həyat standartları istər-istəməz insanın dünyagörüşünə, həyat tərzinə öz təsirini göstərir.

***
Əlbəttə ki, zamanın nəbzini tutmaq, diqtə etdiyi şərtləri oxumaq və özünə düzgün həyat standartı seçmək gözəldir və yaşından asılı olmayaraq hər kəs buna can atmalıdır. Ancaq bu yenilənmək keçmişdəki hər şeyi inkar səviyyəsinə gəlirsə, əlbəttə, yaş nəsilləri arasında qarşıdurma, hətta ailədə belə böyük-kiçik anlaşılmazlığı qaçılmaz olur. Çünki heç kim yaşadığı, daha doğrusu, formalaşdığı dəyərlərin gərəksiz əşya kimi bir tərəfə atılmasını, onun yerinə heç də bəyənmədiyi bir sistemin (və ya sistemsizliyin) gəlməsini asanlıqla həzm edə bilmir.
Ona görə də, bu yenilənən dünyada hər kəs özü üçün vazkeçilən və ya vazkeçilməz dəyərləri müəyyən etməlidir.
Həqiqətən də, elə etik normalar var ki, onların unudulması ilə barışmaq mümkündür, ancaq elə etik normalar da var ki, sadəcə olaraq onların unudulması qəbuledilməzdir. Məsələn, biz, yəni yaşı əllinin üzərində olan nəsil ailədə belə görmüşük ki, axşam ata evə girəndə hörmət əlaməti olaraq övladlar ayağa qalxarlar. Bu adi etik davranışın o qədər böyük əhəmiyyəti var ki, atanın yorğunluğunu belə azalda bilər. Ancaq ata yorğun-arğın halda qapıdan girəndə övlad ayağa qalxmırsa, hətta ayağa qalxmaq bir yana qalsın, qulaqcıqdan dinlədiyi musiqinin “təsiri” ilə onun salamını belə almırsa, əlbəttə, narazılıq da olacaq, anlaşılmazlıq da...

***
Əslində qarşıdurma fərdlər arasında deyil, dəyərlər arasındadır. Elə dəyərlər var ki, onlar bütün zamanların üstündədirlər, yəni əsrlər dəyişsə də, nəsillər bir-birini əvəz etsə də, dəyişmirlər. Çünki o dəyərlər insanı insan edən amillərdir, insan o dəyərlərlə dəyər qazanır, həqiqi insan mərtəbəsinə ucalır. Səmimiyyət, fədakarlıq, qarşı tərəfi anlamağa çalışmaq, özünü qarşı tərəfın yerinə qoymaq, böyüyə hörmət, kiçiyə mərhəmət, səxavətli, eyni zamanda qənaətkar olmaq, mərdlik, cəsurluq. ədalətlilik, dürüstlük... və bu kimi keyfiyyətlər zamana və məkana baxmır, həmişə hər yerdə aktual dəyərlərdir. Bütün bu yüksək mənəvi keyfiyyətlərlə yanaşı yalançılıq, ikiüzlülük, yaltaqlıq, riyakarlıq, tənbəllik, qorxaqlıq, acgözlük, tamahgirlik, başqalarının əlindəkinə göz dikmək, başqalarının haqqını əlindən almaq, zülm, istismar da… müəyyən zaman dilimlərində müəyyən qədər şəklini, xarakterini dəyişərək davam edir. Ancaq birincilər bütün zamanlar üçün yüksək mənəvi dəyərlər olduğu kimi, ikincilər haqqında təbii ki, eyni şeyləri demək qeyri-mümkündür.

***
Nəsillər arasında anlaşılmazlıq bir çox hallarda əhəmiyyətsiz hesab etdiyimiz davranış qaydalarının düzgün tənzimlənməməsindən irəli gəlir. Yəni böyük kiçiyi dinləmək istəmir, kiçik də böyüyün mövcud standartlarından imtina etmək üçün fürsət axtarır. Təbii ki, münasibətlərin tənzimlənməsində tərbiyə faktoru çox mühümdür, ancaq bəzən ən təmiz, ən tərbiyəli ailədə belə ata ilə oğulun həyata baxışı, düşüncəsi tamamilə fərqlənir, hətta bir çox mühüm məsələdə bir-birinə zidd olur. Münasibətlərin qorunub saxlanması üçün heç şübhəsiz ki, özünü böyük və daha məsuliyyətli hesab edən tərəf səbir və təmkin nümayiş etdirməlidir. Övlad öz qərarında səhvə yol verə bilər, ancaq ağzını açan kimi onun sözünü kəsmək, hər kəlməbaşı ağzının üstündən vurmaq artıq münasibətlərin pozulması üçün kifayətdir.

***
Yeniyetmə və ya erkən gənclik çağında olan bir çox insan hər şeyi olduğu kimi görə bilmir, özü üçün böyük xəyallar aləmi qurur, gələcəyini çox yüksək məqamlarda təsəvvür edir, ətrafında gündəlik qayğıları ilə məşğul olan adamlara baxanda ürəyi sıxılır. Üstəlik də həmin bu adamlar onu ittiham edəndə dözə bilmir, etiraz bayrağını qaldırır.
Son dövrlərdə ölkəmizdə qeydə alınan intihar hadisələrinin böyük əksəriyyəti məhz bu yaş qrupuna aid gənclər tərəfindən həyata keçirilir. Bəzən çox üzə çıxmasa da, tam qətiyyətlə demək olar ki, bu hadisələrin əksəriyyəti ailədaxili münaqişələrdən, ilk növbədə isə valideyn-övlad münasibətlərində hər addımbaşı özünü göstərən anlaşılmazlıqlardan irəli gəlir.
Təsəvvür edin ki, qəbul imtahanlarında uğur qazana bilməyən gənc valideynlərinin məzəmmətini eşitməmək üçün intihar yolunu seçir. Bu onu göstərir ki, o ailədə ən sadə şəkildə desək qarşılıqlı anlaşma yoxdur. Halbuki, övlad bilməlidir ki, nəticə nə olur-olsun, valideynləri onu çox sevirlər. Yəni, gənc öz uğursuzluğundan daha çox valideyn münasibətindən, ya da onlardan görəcəyi töhmətdən qorxur. Halbuki, hər şey tərsinə olmalıdır və o gənc inanmalıdır ki, valideynləri onun hər çətinliyini bölüşməyə, yaralarına məlhəm olmağa hazırdırlar.

***
Mobil telefon, internet dünyası, virtual şəbəkələr, qiyabi tanışlıqlar... Bütün bunlar müasir gəncliyin həyatının vazkeçilməz amilləri hesab olunur. Məhz bu amillər ucbatından bir çox ailələrdə normal münasibətlər pozulur və hətta yeniyetmənin ünsiyyətində müəyyən problemlər müşahidə olunmağa başlayır. Halbuki biz insanla canlı təması, danışanda qarşı tərəfə təbəssümlə baxmağı, onu axıra qədər dinləməyi adət halına gətirmiş bir xalqın fərdləriyik. Əgər ailədə böyüklərin günü televizor qarşısında, kiçiklərinki isə sosial şəbəkələrdə keçirsə, əlbəttə, anlaşılmazlıq qaçılmaz hala gələcək.
İnkişaf edən dünyamızda texniki nailiyyətlərdən qaçmaq insana özünütəcriddən başqa bir şey vermir, ancaq bu da həqiqətdir ki, heç bir şey canlı ünsiyyətin, üz-üzə dayanıb hal-əhval tutmağın yerini vermir. Ailədə fərdlər üz-üzə durub söhbət edəndə təkcə dil danışmır, bədən də danışır, göz də danışır…

***
Ailə doğmalardan təşkil olunmuş dövlətdir. Bu dövlətdə hər şey sevgi, qarşılıqlı hörmət prinsipi ilə tənzimlənsə də, ən kritik məqamlarda, arzuolunmaz anlarda işə düşən və məsələni yoluna qoyan qanunlar da olmalıdır. Sözün qısası, valideynin valideyn bocu var, övladın övlad. Yaxud da əksinə valideynin öz haqları var, övladın öz haqları.
Qarşı tərəfə hörmət hər kəsin borcudur, istər böyük olsun, istər kiçik. İrad göstərəndə də qırmamaq, öz münasibətini sevgi atmosferində çatdırmaq çox mühüm faktordur. Böyük kiçiyi dinləməli olduğu kimi, kiçik də böyüyün “qanunlarına” hörmət göstərməlidir. Təbii ki, o qanunlar bir az yuxarıda saydığımız kimi, milli mentalitetimizə, minillik əxlaq normalarımıza uyğun gəlirsə...
Çinlilərin bir sözü var:
“Bir il sonrasını düşünürsənsə, düyü ək;
On il sonrasını düşünürsənsə, ağac ək;
Əlli il sonranı düşünürsənsə, sağlam nəsil yetişdir”...
Elə düşünürük ki, başlanğıcda və sonda söylədiyimiz iki söz və aradakı fikirlər bu mövzuda düzgün qənaətin formalaşmasına xeyli kömək edəcək. Ancaq arada bir hər şeyi bir tərəfə qoyub qarşı tərəfə hörmətinizi, səmimiyyətinizi, sevginizi çatdırın. Bəlkə bir az yersiz görünə bilər, ancaq əmin olun ki, hörmətlə, səmimiyyətlə, sevgi ilə bağlı heç bir şey boşa getmir.

Murad Məmmədov
Seçilən
14
12
yeniavaz.com

10Mənbələr