"Məhdud suverenliklə mövcudluğunu qorumaq və ya Kremlin tam təsir dairəsinə qayıtmaq?.."
ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin Alyaskadakı görüşündən sonra sülh gəlmədi, amma müharibənin sonu üçün cəmi iki əsas ssenari artıq aydın görünür.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Tərəflərin mövqeləri və gözləntilər
Birinci ssenariyə görə, Ukrayna ərazilərinin bir hissəsini itirsə də, dövlət müstəqilliyini qoruyub saxlayacaq. İkinci halda isə həm ərazilər, həm də suverenlik əldən gedəcək, Ukrayna yenidən Kremlin təsir dairəsinə qayıdacaq.
Putin Qərbin atəşkəs tələblərini rədd edərək bildirib ki, müharibə Ukrayna və Qərb onun geniş geosiyasi məqsədlərini qəbul edənədək davam edəcək. Bu məqsədlərə Ukraynada siyasi təsirin bərpası, Şərqi Avropada nüfuz dairəsinin genişləndirilməsi və Rusiyanın böyük güc statusunun qaytarılması daxildir.
"Koreya ssenarisi"nin kölgəsi
Hazırda ən real variant kimi Ukraynanın işğal olunmuş ərazilərin bir hissəsini faktiki olaraq itirməsi göstərilir. Zelenski artıq ərazi danışıqlarına hazır olduğunu bəyan edib. Avropa dövlətləri hüquqi baxımdan Rusiya işğalını tanımayacaqlarını vurğulasalar da, real vəziyyətlə barışmağa məcbur olduqlarını da gizlətmirlər.
Avropa liderlərinin məqsədi qalan 80 faiz ərazini qorumaq və onun təhlükəsizliyini təmin etməkdir. Bunun üçün Ukraynanın güclü müdafiə potensialı və Qərbin hərbi-siyasi zəmanəti zəruridir. Britaniya və Fransa başda olmaqla "İstəklilər koalisiyası" Ukraynaya öz hərbçilərini göndərməyə hazırdır.
Əgər ABŞ da bu planlara qoşularsa, nəticə 1953-cü ildəki Koreya müharibəsinin sonunu xatırlada bilər - ərazi bölünür, amma qalan hissə Qərbin himayəsi altında mövcudluğunu davam etdirir. Lakin nəşr qeyd edir ki, Putin üçün belə nəticə tarixi uğursuzluq sayılardı: 20 faiz ərazini alacaq, amma qalan Ukrayna əbədi olaraq Qərbin nəzarətində qalacaq.
Rusiyanın hədəfi Ukraynanı diz çökdürməkdir
Müharibənin ən təhlükəli ssenarisi isə Ukraynanın yalnız ərazilərini deyil, həm də siyasi müstəqilliyini itirməsidir. Bu halda ölkə Kreml üçün bir protektorata çevriləcək. Putin bunun üçün hərbi sahədə böyük irəliləyiş əldə etməsə də, uzunmüddətli strategiyasını - Ukrayna ordusunu tükəndirmək və mübarizə əzmini sarsıtmaq məqsədini davam etdirir.
Ukrayna ordusu artıq 3,5 illik müharibədən yorulub, sayca geridədir və daxildə narazılıqlar var. Amma müqavimət də davam edir. Ekspertlər Rusiyanın resurs üstünlüyünə baxmayaraq, Ukraynanın çevik və adaptasiya qabiliyyətinin dəfələrlə özünü göstərdiyini vurğulayır.
Alyaskadan sonra yeni mərhələ
Avqustun 15-də Alyaskada Tramp və Putin arasında baş tutan görüşdə Kreml yenə Ukrayna ilə bağlı maksimalist tələblərini irəli sürüb. Tramp açıq şəkildə bildirub ki, Putin bütün Donbass üzərində nəzarət istəyir. İndi isə Zelenski Avropa liderləri ilə birlikdə Ağ Evdə toplanaraq Alyaskadakı görüşün nəticələrini müzakirə etməyə hazırlaşır. Əsas sual isə hələ də açıq qalır: Ukraynanı gələcəkdə hansı ssenari gözləyir - məhdud ərazi ilə suverenlik, yoxsa Kremlə tabe edilmiş protektorat?