ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putin ilə gizli anlaşmaqla, olduqca riskli bir qlobal oyuna start vermiş oldu... İndi yalnız Ukraynanı deyil, elə ABŞ-ın özünü də yaxın gələcəkdə ciddi problemlər ilə üz-üzə qoya biləcək genişmiqyaslı əks proses başlayıb...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Alyaska görüşü Ukrayna savaşı ətrafında mövcud olan situasiyanı ciddi şəkildə dəyişməyə başlayıb. Üstəlik, bu dəyişikliklər qlobal məkanda müəyyən narahatlıq doğurmaqdadır. Ən əsası isə Alyaska görüşü Rusiya əleyhinə beynəlxalq koalisiya daxilində əvvəlkindən daha dərin çatlar yaradıb. Çünki Qərbdə bir çoxları Tramp-Putin görüşünün nəticələrini Ukrayna savaşı ilə bağlı danışıqlar prosesində sanksiyalardan sülhə doğru aparan qeyri-müəyyən yolda olduqca riskli oyunun yeni qaydalarını təyin etmə cəhdi kimi dəyərləndirirlər. Və bu, yalnız Ukrayna deyil, həm də NATO üzvü olan Avropa Birliyi ölkələri üçün çox təhlükəli cəhd hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, Alyaska görüşünün Ukrayna və Avropa Birliyi üçün neqativ məzmun daşıya biləcəyi əvvəlcədən təxmin edilirdi. Çünki Ağ Ev Ukrayna və Avropa Birliyini Tramp-Putin görüşündən tamamilə kənarda saxlamışdı. Halbuki, bu görüşdə müzakirə olunacaq mövzular ilk növbədə Ukrayna və Avropa Birliyini maraqlandırırdı. Və ABŞ-ın təktərəfli qərarlar qəbul etməsi Qərb üçün Rusiya təhlükəsini daha da ön plana çəkə bilərdi.
Məsələ ondadır ki, prezident Donald Trampın yenidən Rusiyanın maraqlarına uyğun mövqeyə geri dönüşünün əlamətlərini müşahidə etmək o qədər də çətin deyildi. Əslində, Ağ Ev sahibi özü də bunu gizlətməyə qətiyyən ehtiyac duymurdu. Hətta görüşdən əvvəl Ağ Ev sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putinə xüsusi rəğbətini də ifadə etmişdi. O, prezident Vladimir Putin ilə çox yaxın münasibətlərinin olduğunu vurğulayaraq, qarşılıqlı hörməti qabarmışdı. Və indi əsas suallar ondan ibarətdir ki, görəsən, həqiqətən də ABŞ-Rusiya xəttində yeni bir “anlaşma pəncərəsi” açılırmı?
Maraqlıdır ki, əksər Qərb siyasi dairələri ABŞ və Rusiya prezidentlərinin zirehli limuzində yarım saat təkbətək müzakirə aparmasını neqativ məqamlardan biri kimi dəyərləndirirlər. Onların qənaətinə görə, məhz həmin təkbətək görüşdə yeni Tramp-Putin anlaşmasının olması ehtimalı istisna deyil. Yəni, Ukrayna savaşı ilə bağlı atəşkəs razılaşması olmasa da, digər ikitərəfli mövzularda ortaq maraqların ön plana keçmiş ola biləcəyi istisna deyil.
Əslində, Alyaska görüşündən sonra baş verənlər də gizli anlaşmanın mövcudluğunu təsdiqləyə biləcək məzmun daşıyır. Belə ki, Ağ Ev sahibi Donald Tramp Alyaska görüşündə atəşkəs barədə razılaşma olmayacağı təqdirdə, Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq ediləcəyini vurğulamışdı. Ancaq prezident Vladimir Putin atəşkəsə razılıq verməsə də, Ağ Ev sahibi Donald Tramp nədənsə, Rusiyaya qarşı ağır situasiya təhdidini xatırlamağa qətiyyən həvəs göstərmədi. Və bunun əksinə olaraq, hətta Ağ Ev sahibi məhz prezident Vladimir Putinin müəmmalı sülh şərtləri ilə bağlı "narrativlər"ini təkrarlamaqla, diqqəti çəkdi.
Təbii ki, bütün bu baş verənlər prezident Donald Trampın mövqeyi ilə bağlı müəmmaları daha da artırır. Xüsusilə də, Qərbdə hesab edirlər ki, Ukrayna savaşının nəyin bahasına olursa-olsun, dayandırılması məhz prezident Donald Trampın maraqlarına uyğundur. Üstəlik, bu məsələdə Ukraynanın işğal olunmuş ərazilərinin gələcək taleyi də Ağ Ev sahibini qətiyyən narahat etmir. Və bu, ilk növbədə prezident Donald Trampın Nobel sülh mükafatını almaq ehtirası ilə izah olunur.
Ona görə də, ən maraqlı açıqlamalardan biri də məhz Hillari Klintondan gəlmişdi. Belə ki, Ağ Ev sahibinin ən böyük əleyhdarlarından biri olan Hillari Klinton demişdi ki, əgər, prezident Donald Tramp rəsmi Kiyevi ərazi güzəştlərinə məcbur etmədən Ukrayna savaşını dayandırmağı bacarsa, onu Nobel Sülh Mükafatına namizəd göstərəcək. Ancaq artıq indi məlumdur ki, Ağ Ev sahibi buna nail olmayıb. Və üstəlik, ABŞ prezidenti Alyaskadan elə nəticələr ilə ayrılıb ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Con Bolton "biabırçılıq və rüsvayçılıq" kimi ifadələr işlədib.
Belə anlaşılır ki, Qərb siyasi dairələri hazırda Alyaska görüşünün nəticələrindən ciddi şəkildə narazı və narahatdırlar. İndi böyük ehtimalla ən böyük təzyiq dalğası məhz Ukrayna prezidenti Volodimir Zelenskinin üzərinə yönələcək. Çünki onu Ağ Evə müzakirələrə dəvət edən prezident Donald Tramp açıq açıq şəkildə bildirib ki, Ukrayna lideri Volodimir Zelenskiyə Rusiya ilə razılaşma bağlamağı məsləhət gördüyünü bildirib. Və bu, prezident Volodimir Zelenski üçün tale yüklü seçim məcburiyyəti yaradır.
Maraqlıdır ki, prezident Volodimir Zelenskinin artıq prinsipial seçim etdiyi və Ukrayna ərazilərini Rusiyaya güzəştə getməyəcəyi bildirilir. Eyni zamanda, prezident Donald Trampın davranışları, xüsusilə də, Avropa Birliyini prosesdən kənarda saxlamaq cəhdləri ABŞ-Rusiya yaxınlaşmasına qarşı yeni koalisiyanın yaranmasına yol açır. Yəni, Ağ Ev sahibindən narazı olan Avropa Birliyi ölkələrinin indi Ukraynaya dəstək məqsədilə yenidən birləşdiyi müşahidə edilir.
Məsələ ondadır ki, Avropa Birliyi ölkələrinin liderləri Ukraynaya tam dəstək mövqeyindən çıxış edirlər. Bu quruma üzv olmasa da, "qoca qitə"nin ümumi maraqlarından çıxış edən Böyük Britaniya isə Ukraynaya yeni silah-sursat partiyası göndərib. Almaniya və Fransa başda olmaqla, Avropa Birliyi ölkələrinin liderləri indi prezident Volodimir Zelenskiyə Ağ Evdəki müzakirələr ərəfəsində ciddi məsləhətlər verməyə başlayıblar. Onlar Ağ Evdə baş verəcək müzakirələri ciddi şəkildə izləyəcəklərini vurğulayıblar. Və NATO-nun baş katibi Rutte isə prezident Volodimir Zelenskiyə açıq dəstək əlaməti olaraq, onunla ABŞ-a səfər etmək niyyətini bəyan edib.
Göründüyü kimi, Ağ Ev sahibi Donald Tramp zirehli limuzində prezident Vladimir Putin ilə gizli anlaşma əldə etməklə, əslində, olduqca riskli oyuna start verib. Belə ki, bir tərəfdən Ukraynanın ərazi bütövlüyü böyük risk altına salınıb. Digər tərəfdən isə ABŞ üçün yaxın gələcəkdə böyük problemlərə yol aça biləcək yeni Qərb koalisiyasının yaradılmasına başlanılıb. Və bu yeni koalisiya indi yalnız Kremlin deyil, həm də Rusiyanın mövqeyinə yaxınlaşmaqda olan ABŞ-ın da əleyhinə yönəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.