AZ

Azərbaycanda “Ərəb dili ayı”

Bakı Dövlət Universitetində Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda avqust ayının “Ərəb dili ayı” elan olunması münasibətilə təntənəli  mərasim keçirildi. Tədbirdə Səudiyyə Ərəbistanı Krallığı və digər ərəb ölkələrinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru, professor Abdullah Əl-Vaşmi, ali təhsil müəssisələrinin rektorları, görkəmli ziyalılar, millət vəkilləri, mətbuat nümayəndələri iştirak edirdilər. 

Əvvəlcə, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirildi. Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru, dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı” nın məqsədi, əhəmiyyəti barədə məlumat verdi.    

Sonra, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) altı əsas dillərindən biri olan ərəb dili dünyanın ən qədim və zəngin dillərindən biridir: 

- Bu dil kommunikasiya vasitəsi olmaqla yanaşı, mədəniyyətlərarası dialoq, elmi irs və mənəvi tələblərin daşıyıcısı rolunu oynayır. Bəşər sivilizasiyasının inkişafında mühüm rolu olmuş bu dil əsrlər boyu Qərb və Şərq arasında elm, ədəbiyyat və mədəniyyət arasında körpü olmuşdur. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük islam mədəniyyətinə qovuşmuş, zəngin biliklərə yiyələnərək elmi irsimizi bütün ərəb dünyasına təqdim etmişlər. Bu missiyanın ən böyük daşıyıcılarından biri isə Bakı Dövlət Universiteti və “Şərqşünaslıq” fakültəsidir. Bu fakültə universitetin əsası qoyulandan bir neçə il sonra - 1922-ci ildə tarix və filologiya fakültəsinin Şərq bölməsi əsasında yaradılmış, sonrakı dövrlərdə isə müstəqil fəaliyyət göstərməyə başlamışdır. Son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələrinin səfirliklərinin nümayəndələri ilə də görüşlər keçirilib, yeni layihələr müzakirə olunub - deyə, rektor əlavə etdi. 

Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov məruzəsində bildirdi ki, orta əsrlərdə Azərbaycan alimləri və şairləri ərəb dilində əsərlər yazaraq İslam ədəbiyyatının inkişafına mühüm töhfələr vermişlər: 

- Azərbaycan ədəbiyyatı islam mədəniyyətinə daha sürətlə inteqrasiya etmiş, bu yolla elmi-fəlsəfi biliklərin yayılmasına geniş imkanlar yaradılmışdır. Müasir dövrdə isə bu dilin siyasi və iqtisadi münasibətlər, turizm əlaqələrinin səmərəli inkişafında mühüm rolu var. Xüsusilə, son illər təhsil müəssisələrində bu dilin öyrənilməsinə maraq göstərənlərin sayı artmaqdadır. Onu da vurğulamaq istəyirəm ki, universitetimizin tərkibində yaradılmış Ərəbşünaslıq Mərkəzi ərəb dilinin öyrənilməsində mühüm yer tutur. Mərkəzin yaradılmasında əsas məqsəd ərəb dilinin inkişafı və Səudiyyə Ərəbistanı ilə elm və mədəni əlaqələri təmin etməkdir.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cüteyli belə bir möhtəşəm görüşü alqışladı və çıxışına davam edərək dedi: - Ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biri sayılıb. 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası bu dilin qorunması, inkişafı istiqamətində mühüm işlər görməkdədir. Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinin kamil biliciləri var, hətta orta və ali təhsil müəssisələrində ərəb dili tədris olunur.  

Daha sonra, Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım videosunun təqdimatı oldu. “Ərəb dili ayı” nın ilk iki həftəsi ərzində tələbələr arasında keçirilən ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqəsinin qaliblərinə pul mükafatları təqdim olundu. 

Mərasim Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram ilə başa çatdı.

Kəmalə ABDİNOVA
Fidan SALMANOVA
XQ 

Seçilən
20
7
xalqqazeti.az

10Mənbələr