Azərbaycan milli komandasının və Almaniya II Bundesliqasında mübarizə aparan "Kayzerslautern"in hücumçusu Mahir Emrelinin Offsideplus.az saytına müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Beləliklə, "Kayzerslautern"in heyətində "RSV Ayntraxt"a qarşı Almaniya Kuboku oyununda ilk qola imza atdınız. Təəssüratlarınız necədir?
- Təəsüratlarım gözəldir. Rəqib o qədər də güclü olmasa da, ilk rəsmi qolu vurmaq, karyeramda qol statistikamı artırmaq hər zaman xoşdur. Ümid edirəm ki, liqada davamlı olar. Çox istəyirəm ki, çoxlu qollar vurub, ən önəmlisi də yaxşı performans göstərib, komandama faydalı olum. Daha çox komanda şəklində oyunumuzu yaxşılaşdırıb, gələcək oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirəm. Bu oyunda rəqib güclü olmasa da, bu kimi matçlar özgüvən üçün futbolçulara önəm daşıyır.
- Məşqlər necə keçir? Özünüzü fiziki və mental olaraq necə hiss edirsiniz?
- Yavaş-yavaş komandaya, mühitə, şəhərə alışmağa çalışıram. Hələ də uyğunlaşma prosesindəyəm. Sezonun cəmi 3 oyununa çıxmışıq. Bu adaptasiya prosesinin tez bir zamanda keçməsinə ümid edirəm. Taktika, məşqçi korpusu "Nürnberq"dən bir az daha fərqli bir yerdir. Artıq demək olar ki, əsas məqamlar yekunlaşıb. Ev, maşın ehtiyacları öz yerini tapıb. Geriyə qalan meydanda və meydandan kənarda olan uyğunlaşma məqamlarıdır.
- Komanda yoldaşlarınız ilə münasibətiniz necədir?
- Komanda yoldaşlarımla münasibətlərim yaxşıdır. Daxildə ailəvi mühit var. Uşaqlar çalışırlar ki, köməklik etsinlər. Təbii ki, bəziləri ilə daha yaxın olursan, bəziləri ilə məsafəni qoruyursan. Ümumilikdə yaxşı atmosfer var. Yeni komandayıq, yeni oyunçularımız var, məşqçimiz demək olar ki, yenidir. O bizə, biz də ona alışmağa çalışırıq. Ümid edirəm ki, sezon ərzində bu məsələ ilə bağlı problem yaşamayacağıq.
- Kubokda mərhələ adladınız, liqaya 1 qələbə, 1 heç-heçə ilə başlamısınız. Hədəf nədir?
- Əfsuslar olsun ki, ilk matçda məğlub olduq. Heç-heçə edə bilərdik. Düşünürəm ki, heç-heçə ədalətli nəticə olardı. Hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır. "Kayzerslautern" 90-cı illərdə Almaniyada yetərincə dominantlıq etmiş və böyük tarixi olan komandadır. Klubun əfsanəsi Fritz Valter bu komanda üçün, alman futbolu üçün önəmli bir insan olub. II Dünya müharibəsindən sonra da Almaniya milli komandasında oynamış, onun kapitanlığı ilə yığma dünya çempionu olmuşdu. O heyətdə səhv etmirəmsə, 6-7 "Kayzerslautern" futbolçusu forma geyinib və bunun böyük pay sahibi məhz F.Valter idi. Stadion da məhz onun adını daşıyır və oranın gözəlliyi, atmosfer barədə daha artıq danışmağa dəyməz. Ümid edirəm ki, biz bu klubu bu il və qarşıdakı illərdə layiq olduğu yerə qaytaracağıq. Hədəfimizi bunun üzərində qurmuşuq.
- Baş məşqçi Torsten Liberknext ilə aranız necədir? Sizə hansı qatqıları var?
- Baş məşqçimiz çox yaxşı insandır. Görürsən ki, hətta bəzi futbolçuları oynatmayanda məyus olur, bunu hiss edirəm. Əlində olsa, bütün futbolçulara şans verər. Əfsuslar olsun ki, futbolda bu cür məqamlar olur. Münasibətimiz yaxşıdır, onunla da bir-birimizə alışmağa çalışırıq. Təbii ki, onun da bir məşqçi kimi fərqli tələbləri var. Həm "Ayntraxt" (Braunşvayq), həm də "Darmştad"la Bundesliqaya vəsiqə qazanmış çalışdırıcıdır. Həmin klublar da onun məşqçisi olduğu zamanlarda yaxşı oyun nümayiş etdirirdilər. Praqmatik futbolu xoşlayır, risksiz oyunu sevir. Lakin rəqib üzərində təzyiq qurmağı oyunun əsas məqamlarından biri kimi görür. Rəqibin meydançasında onları qovmağı, tez bir zamanda topa sahib olub hücuma keçməyi xoşlayan və bir az da mənim alışmadığım uzun toplara üstünlük verən bir məşqçidir. Buna da uyğunlaşmağa çalışıram. Son oyunlarda uzun zamandır oynamadığım sağ cinahda bir az çıxış edirəm. Hücumçu kimi oynamaq mənə daha rahat olsa da, bu barədə fikir bildirmirəm. Təbii ki, məşqçi kimi o daha yaxşı görür, başa düşür. Ümumilikdə, həm meydanın içində, həm də kənarda yaxşı münasibətimiz var. Fərdi zamanlarda çox pozitiv dost canlısı insandır, zarafatı sevir. Oyunlarda isə çox ciddi və yaxşı bir motivatordur.
- Sabiq komandanız "Qarabağ" barədə fikirlərinizi öyrənmək maraqlı olardı. "Ferentsvaroş"a qarşı oyunlarda "Qarabağ"ın şansı nə qədərdir? Liqa mərhələsinə düşə biləcək?
- "Qarabağ" harda olmağımdan asılı olmayaraq azarkeşlik etdiyim bir klubdur. Ora mənim evimdir. Hər zaman bunu demişəm, uşaq futboluna "Bakı" futbol klubunda başlasam da, böyük futbola, buralara gəlməyimdə "Qarabağ"ın payı danınmazdır. Bütün "Qarabağ" camiəsinə - baş məşqçi heyəti, rəhbərlik, azarkeşlər və futbolçulara fürsət düşmüşkən çox sağ ol deyirəm. Uzun zaman keçib, bəlkə də fürsət düşməmişdi, yaxud da yadımızdan çıxmış ola bilər. Bir daha təşəkkür eləmək istəyirəm. Onların uğuru bütün ölkəmizin uğurudur. Çox istəyirəm ki, ikinci dəfə bunu bacarsınlar və Çempionlar Liqasında liqa mərhələsinə düşsünlər. Reqlament dəyişdikdən sonra bu dəfə daha çox klublarla qarşılaşa bilərlər. Təbii ki, bu, futboldur və qarşılarındakı rəqib də çox güclüdür. Macarıstan çempionatı bizim çempionatdan üstün bir liqadır. Orada illərdir, dominantlıq etməyi bacaran bir komandadır. "Ferentsvaroş" ilə çətin oyun gözləyir. Lakin mümkünsüz bir şey deyil. Rəqibdə də gördüyüm qədəri ilə itkilər var. "Qarabağ"ın yeni futbolçuları uyğunlaşsa, oyuna qədər hazır olsalar, düşünürəm ki, "Qarabağ" bu oyunlarda yaxşı nəticə əldə edə bilər. "Qarabağ"a azarkeşlik edəcəyik, özüm də səbirsizliklə sabahkı oyunu gözləyirəm. Azərbaycanda və ölkədən kənarda olan hər bir azərbaycanlı onların qələbəsini bir yerdə qeyd edəcək. "Qarabağ" qalib gəlsə də, gəlməsə də ölkəmizin ən yaxşısıdır. Ümid edirəm ki, onlar üçün xeyirli nədirsə o olacaq. Bizim istəyimiz Çempionlar Liqasıdır.