“Qarabağ” və “Ferentsvaroş” komandalarının gücü bərabərdir.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis Azərbaycan çempionuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb:
“İki komandanın gücü, demək olar ki, bərabərdir. İstədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik. Belə görüşlərdə əsas qol buraxmamaqdır. Çünki irəli xətdə yaxşı hücumçularımız var və mütləq qol vurmaq üçün imkanlarımız olacaq. Rəqib yaxşı kollektivdir. Lakin bu, bizim üçün böyük fürsətdir. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etmək şansı o qədər də böyük deyildi. Bu həm oyunçular, həm də məşqçilər üçün yaxşı motivasiyadır”.
Baş məşqçi tərəflər arasında üç il əvvəl baş tutmuş qarşılaşmaya baxmadığını sözlərinə əlavə edib:
“Hər iki komandanın yeni futbolçuları var. Mən Azərbaycan klubunun hazırkı oyunlarını izləmişəm”.
Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.