AZ

“Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə 2025-ci ilin avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bu çərçivədə Bakı Dövlət Universitetində (BDU) “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum təşkil edilib.

Tədbirin təşkilatçıları Bakı Dövlət Universiteti və Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası olub. Forumda, həmçinin Qazaxıstanın Əl Fərabi Universiteti, Qırğızıstanın Bişkek Universiteti, Tacikistanın Düşənbə Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi ərəb dilinin Qafqazda və Mərkəzi Asiya regionunda tədris tarixi, inkişaf istiqamətlərinin müzakirəsi, universitetlərarası əməkdaşlığın gücləndirilməsi və yeni elmi-mədəni əlaqələrin qurulması olub.

Müzakirələr zamanı iştirakçı ölkələrin nümayəndələri öz universitetlərinin timsalında ərəb dilinin tədrisi tarixindən, bu sahədə görülən işlərdən və mövcud təcrübədən danışıblar. Azərbaycan təcrübəsi çərçivəsində Bakı Dövlət Universitetində ərəb dilinin tədrisi ənənələri və müasir yanaşmalar, region ölkələrinin təqdimatlarında isə ərəb dilinin elmi və mədəni əlaqələrin inkişafındakı rolu diqqət mərkəzində olub.

Forum ərəb dilinin yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqlar arasında mədəni körpü və elmi əməkdaşlıq platforması kimi rolunu vurğulayıb. Çıxışlarda, həmçinin ərəb dünyası ilə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında humanitar münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Tədbirin yekununda iştirakçı universitetlər gələcəkdə ortaq elmi layihələrin, tələbə və müəllim mübadiləsinin, beynəlxalq konfransların və birgə tədris proqramlarının həyata keçirilməsi barədə razılığa gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
7
azertag.az

10Mənbələr