AZ

Prezident İlham Əliyevin liderlik nümunəsi  

Uğurlu xarici və daxili siyasət, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirən qətiyyətli mövqe Prezident İlham Əliyevin liderlik bacarığının, uzaqgörən diplomatik səriştəsinin nəticəsidir.

Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan öz hərbi gücü hesabına azad edən, 23 saatlıq antiterror əməliyyatları ilə separatizmə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, müstəqil daxili və xarici siyasət yürüdən, Cənubi Qafqazda yeni reallıq yaradan ölkədir. Bütün bu qalibiyyətlərin, zəfərin müəllifi isə İlham Əliyevdir. 

Müasir tarixdə heç bir dövlət adamının edə bilmədiyini reallaşdıran siyasi lider kimi Prezident İlham Əliyevin siyasi fəaliyyəti hər şeydən öncə dövlətçilik prinsip və ənənələrinə, milli maraqların müdafiəsinə söykənir ki, bu da Azərbaycanı güclü və qətiyyətli ölkəyə çevirib.  Bu isə zamanında və doğru siyasi gedişlərin, balanslı regional və qlobal siyasətin təzahürüdür. Xüsusən Vətən müharibəsində qazandığı zəfərdən sonra Azərbaycan qalib ölkə kimi hesablaşılan, diktə edən və regionun inkişafında xüsusi rolu olan, meqa layihələrin təşəbbüskarı kimi tanınır. İndi əksər ölkələr Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələrə üstünlük verməklə, Prezident İlham Əliyevin müəllifi olduğu böyük layihələrdə bilavasitə iştiraka çalışırlar.  

Qoşulmama Hərəkatına uğurlu sədrlik

Prezident İlham Əliyevin müxtəlif platformalarda fəaliyyəti hər zaman yüksək qiymətləndirilərək uğurlu liderlik nümunəsi kimi dəyərləndirilir. Hələ 2019-2023-cü illərdə İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, həmin dövrdə təsisatın daha da inkişafı, nüfuzunun qalxması dövlət başçısının qlobal siyasətdə mühüm rol oynadığını bir daha göstərdi. Bu dövrdə təşkilat ədalətlilik, bərabərlik prinsiplərinə xüsusi önəm verərək, dövlətlərin azadlığını, suverenliyini dəstəkləyib. Dünyanı bürüyən, qlobal problemə çevrilən COVID-19 pandemiyası zamanı ölkələrin qapandığı, əlaqələrin zəiflədiyi bir dövrdə QH-yə sədrlik edən Prezident İlham Əliyev dünyada həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək dövlətləri "vaksin millətçiliyi"nə son qoymağa, bərabərliyə, humanizmə çağırıb. 2020-ci ildə İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyası çağırılaraq dünyanı narahat edən virusla bağlı vacib məsələlər müzakirə olunmuşdur. 

Sessiyada videoformatda çıxış edən dövlətimizin başçısı, Qoşulmama Hərəkatının sədri kimi təsisatın  bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayıb. Cənab İlham Əliyev həmçinin beynəlxalq ictimaiyyətin yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya biləcəyini qeyd edib. 

Belə bir çətin dönəmdə çağırılmış bu sessiya Azərbaycanın həmrəylik çağırışını dünyaya çatdırmaq, ölkəmizin  beynəlxalq arenada təşəbbüskar mövqeyini göstərməklə yanaşı, ölkəmizin rəhbərinin nüfuzunun bariz nümunəsi idi. 

Pandemiya dövründə 30-dan çox ölkəyə göstərilən müxtəlif formada humanitar yardımlar, bir sıra ölkələrə pulsuz tibbi avadanlıqların, qoruyucu vasitələrin, dərman preparatlarının göndərilməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları vəsait ayrılması ölkəmizin qlobal mübarizədə göstərdiyi səylərinin bariz nümunələridir. Elə buna görə də ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edərək ölkəmizi pandemiya ilə mübarizədə nümunəvi ölkə kimi qiymətləndirdi. Təbii ki,  bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, onun tapşırığı əsasında vaxtında görülən tədbirlərin nəticəsi idi. Azərbaycanın sədrliyi dövründə görülən bütün tədbirlər, irəli sürülən təşəbbüslər sayəsində Qoşulmama Hərəkatı nüfuzlu bir təsisata çevrilmişdir ki, bu baxımdan 2022-ci ildə ölkəmizin sədrlik müddəti daha bir il müddətinə uzadılmışdır.  

Sözü imzasına bərabər lider

Azərbaycan bu gün həm də dövlət başçısının yürütdüyü uğurlu enerji siyasəti ilə dünyanın qabaqcıl və etibarlı tərəfdaş ölkələrindən biri kimi tanınır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və "Əsrin müqavilə"si ilə başlayan neft strategiyası xarici ölkələrin də diqqətini Azərbaycana yönəldib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi Ceyhan, TAP, TANAP, "Cənub qaz dəhlizi" kimi layihələr ölkəmizi regionun enerji habına çevirib. Bu gün digər region dövlətlərinin də marağında olduğu, böyük kommunikasiya layihələrinin də müəllifi İlham Əliyevdir. 14 ölkəyə qaz ixrac edən Azərbaycan həmin ölkələrin enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayaraq etibarlı və sadiq tərəfdaşa çevrilib. Ölkəmizə bu inamı qazandıran isə Azərbaycan liderinin nüfuzundan, ona olan etimaddan irəli gəlir. Elə bu inamı dilə gətirən ölkə liderləri də var.  "Müvafiq şəffaf protokollar bir yana, amma əsas bizim üçün İlham Əliyevin sözü yetərlidir. Çünki biz onun sözünə inanırıq. Onun sözü elə onun imzasına bərabərdir. Bizim üçün bu, həqiqətən də, vacib məsələdir",  - deyə Serbiya Prezidenti Aleksandar Vuçiç demişdi. 

Bu gün Azərbaycan təkcə neft ölkəsi kimi tanınmır. İqtisadiyyatda aparılan diversifikasiya siyasəti qeyri-neft sektorunun inkişafına təkan verməklə, xarici investorların ölkəmizə olan marağını da artırıb. Xarici sərmayədarlar ölkəmizdəki münbit və təhlükəsizlik şəraitini yüksək qiymətləndirərək qeyri-neft sektorunun müxtəlif sahələrinə vəsait ayırırlar. Bu baxımdan Prezident İlham Əliyevin "yaşıl enerji" siyasəti də təqdirəlayiqdir. Xarici şirkətlər Azərbaycanın təşəbbüskarı olduğu  bərpaolunan enerji layihələrinə sərmayə yatırırlar ki, bu da ölkəmizin alternativ enerji sahəsində də gələcək perspektivlərini nümayiş etdirməklə bərabər, sərmayədarların Prezident İlham Əliyevin davamlı və dayanıqlı enerji siyasətinə olan inamından xəbər verir. 

İmzası qədər sözünə güvənilən Prezident İlham Əliyevin şəxsi nüfuzu, idarəçilik bacarığı və bunun nəticəsində Azərbaycan yüksək təşkilatçılığı ilə müxtəlif qlobalmiqyaslı tədbirlərin ev sahibi kimi də tanınır.  Paytaxt Bakıda, eyni zamanda qısa müddətdə qurulan, yenidən bərpa edilən, abadlaşdırılan işğaldan azad olunmuş şəhərlərimizdə keçirilən tədbirlər, konfranslar, zirvə görüşləri Azərbaycanın qüdrətini bir daha dünyaya göstərir. 

Azərbaycan liderinin nüfuzu müxtəlif ölkələrdə keçirilən beynəlxalq platformalar çərçivəsində də özünü göstərir. Dövlətimizin başçısının belə tədbirlər əsnasında müxtəlif ölkə, qlobal və nüfuzlu şirkət rəhbərlərinin təklifi ilə ikitərəfli görüşləri baş tutur ki, bu da İlham Əliyevə göstərilən hörmət və etimada bağlıdır. 

Vətən müharibəsinin qalib sərkərdəsi, sülhün müəllifi olan Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri zamanı ona göstərilən diqqət və Ağ Ev rəhbərinin səmimi münasibəti də deyilənləri bir daha təsdiqləyir. Görüşdən əvvəl və sonra ABŞ liderinin Prezident İlham Əliyevin III Qlobal Şuşa Forumundakı çıxışlarını paylaşması, Trampın Azərbaycan liderinin fikirlərinə önəm verdiyini bir daha göstərir. ABŞ liderinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində, əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" da sübut edir. Bundan başqa, Donald Trampın Azərbaycana qarşı illərlə davam edən, ədalətsiz bir yanaşmanı - "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişin tətbiqinin Prezident İlham Əliyevlə görüş çərçivəsində  dayandırmasının da böyük rəmzi mənası var. 

Donald Trampın Prezident İlham Əliyevi böyük lider adlandıraraq ona Ağ Evin rəmzi açarını təqdim etməsi də dövlət başçımıza olan hörmətin, etimadın nümunəsidir. İkitərəfli və üçtərəfli görüşlərdə ABŞ Prezidentinin İlham Əliyevə qarşı davranışları, fikirlərinə önəm verməsi onun dövlət başçımızı böyük siyasi lider kimi qəbul etdiyini göstərir. Avqustun 18-də Donald Trampın Ukrayna Prezidenti ilə birgə Avropa liderləri ilə görüşü və onları qarşısına düzərək siyasi dərs keçməsi isə Prezident İlham Əliyevin fərqini bir daha ortaya qoydu. 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
170
50
azerbaijan-news.az

10Mənbələr