AZ

Təslimçi sülh baş tutacaqmı?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp "ərazi mübadiləsi" ifadəsini işlədir. Bunu Rusiya prezideti Vladimir Putinlə Alyaska görüşünən əvvəl də deyib, sonra da. Ancaq son açıqlamalarından birində deyib ki, Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməlidir. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu təkliflə razı deyil.

Əslində bu təklifdən çox tələbdir. Kiyev bu tələblə razılaşmır. Rusiya ilə Ukrayna arasında siyasi mövqelər daban-dabana ziddir. Putin bütün Ukraynanı işğal etmək istəyir, Zelenski isə bütün Ukraynanın azad olmasını istəyir. Tramp isə torpaq güzəştləri hesabına əlüstü sülh əldə edib, ABŞ-ın iqtisadi maraqlarını təmin etməyə çalışır. Avropa liderləri isə hətta Trampın özünə qarşı Zelenskinin mövqeyini dəstəkləyirlər. Çünki Putin istədiyini alsa, Ukraynada dayanmayacaq; Avropanın içərilərinə doğru hərəkət edəcək. Avropa liderlərini narahat edən bu bədbin perspektivdir. Odur ki, Kremli iştahlandırmağın - Ukraynadan ərazi güzəştləri istəməyin əleyhinədirlər. Amma bu gecə - Tramp, Zelenski və Avropa liderlərinin görüşündə ya hər şey, ya da çox şey dəyişə bilər. Ya da heç nə dəyişməyəcək. Gözlənilən odur ki, Tramp yenə də Zelenskiyə təzyiq göstərəcək. Əsas tələb də sülh əvəzinə ərazi güzəştləri olacaq.

Yeri gəlmişkən, Ukraynalı Dmitri Qordonun "Nə etməli?!" sualına cavabında Azərbaycan prezidenti: "Təslim olmamaq" cavabını vermişdi. Söhbət müharibədən gedirdi. İndi isə söhbət sülhdən gedir. Yenə gəlsə, yenə soruşsa, bu dəfə ərazi güzəştləri haqda sual versə, cavab, məncə, yenə eyni olar. Çünki Azərbaycan bu sınaqlardan keçib. Bir zaman həmin Qərb liderləri Azərbaycandan "sülh əvəzinə torpaq" düsturu üzrə güzəşt tələb etmişdilər. Bu gün Trampın Ukraynadan Rusiyanın xeyrinə istədiklərini Qərb 1990-cı və 2000-ci illərdə Azərbaycandan dəfələrlə tələb etmişdi. ATƏT-in keçmiş Minsk Qrupunun missiyası bundan ibarət idi. Ancaq Azərbaycan bununla razılaşmadı. Nəticə isə məlumdur.

Bəs Ukrayna razılaşarmı?!

Bu suala dolayı cavab bu gün Ukraynanın yeni baş naziri Natalya Sviridenkodan gəlib. O, bildirib ki, növbəti ildə Ukrayna büdcəsinin yarısı - tam 50 faizi hərbi xərclərə yönələcək. Eyni zamanda hökumət 2026-cı ildə 37 milyard dollar məbləğində xarici yardım cəlb etməyi hədəfləyir.

Bir sözlə, Zelenski Vaşinqton səfəri ərəfəsində Trampa və Avropaya mesaj göndərdi: Qərb müttəfiqləri kömək etsələr də, etməsələr də, Ukrayna vuruşacaq, çünki təslim olmaq istəmir. Azərbaycanın dost məsləhəti Kiyevdə eşidilib. Bax, elə buna görə, Putin Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı obyektlərini vurur. Söhbət SOCAR-ın neft və qaz tranziti xətlərindən gedir. Bu şirkətin elə adında dövlətə məxsusluğu məlumdur Rusiya əslində Ukraynada... Azərbaycanı vurur. Əsl məsələ budur.

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
50
bizimyol.info

10Mənbələr