AZ

Aqrar subsidiyalarda yeni mərhələ: məhsuldarlıq və nəticə əsaslı mexanizm zərurəti - ŞƏRH

Maliyyə Nazirliyinin son açıqlaması aqrar subsidiyaların istifadəsi ilə bağlı diqqətçəkən nəticələr ortaya qoydu. Aparılan monitorinq və təhlillər göstərir ki, bir sıra bitkiçilik və heyvandarlıq sahələrində subsidiyaların həcmi ilə faktiki istehsal arasında balans pozulub. Yəni ayrılan maliyyə dəstəyi müəyyən bitki və ya heyvan növləri üzrə gözlənilən məhsuldarlığa və artıma gətirib çıxarmayıb. Halbuki əkin subsidiyasının əmsalları dövri olaraq artırılıb, damazlıq heyvanların alınmasına güzəştlər tətbiq edilib, hər sağlam buzov və balağa görə 100 manat subsidiya ayrılıb. Bununla belə, 2024-cü ildə iribuynuzlu mal-qara, qoyun və keçilərin baş sayında azalma müşahidə olunub. Bu fakt subsidiyaların səmərəliliyinin və nəticəliliyinin daha dərindən təhlil edilməsini zəruri edir.

Aznews.az şərh edir ki, əldə olunan nəticələr bir neçə mühüm məqama işarə edir. Əvvəla, subsidiyanın məbləği ilə faktiki nəticə arasında fərqin mövcudluğu göstərir ki, mövcud mexanizmlərdə monitorinq və nəticəyönümlülük tam təmin olunmayıb. İkinci tərəfdən, kənd təsərrüfatı subyektlərinin fərqli potensial və imkanlara malik olması onların subsidiyalardan istifadə effektivliyini dəyişir. Bu səbəbdən də nazirliyin tövsiyə etdiyi kimi, subsidiya müraciətlərində fermerlərin istehsal potensialı və əvvəlki performansı nəzərə alınmalıdır. Əks halda, ayrılan maliyyə resursları iqtisadi baxımdan səmərəli olmayan istiqamətlərə yönəlmiş olur.

Təklif edilən şərtli ödəniş modelləri və nəticə əsasında maliyyələşmə yanaşması aqrar siyasətdə daha rasional mexanizmin qurulmasına imkan yarada bilər. Bu modelə görə, subsidiya vəsaitinin yalnız bir hissəsi əvvəlcədən ödənilir, qalan hissə isə faktiki məhsuldarlıq göstəriciləri təsdiqləndikdən sonra fermerə təqdim olunur. Bu yanaşma həm məsuliyyəti artırır, həm də dövlət büdcəsindən ayrılan vəsaitin nəticəliliyini təmin edir. Eyni zamanda subsidiya növlərinin strateji hədəflərlə uyğunlaşdırılması zəruridir. Ərzaq təhlükəsizliyi, ixrac potensialı və kənd yerlərində məşğulluğun qorunması kimi hədəflər subsidiya siyasətində prioritet istiqamətlər olmalıdır.

Nazirliyin xüsusi vurğuladığı digər vacib məsələ isə şəffaflıq və hesabatlılıqdır. Subsidiya məbləğləri, onlardan faydalanan fermerlərin sayı, məhsuldarlıq və rentabellik göstəricilərinin ictimaiyyətə açıq təqdim olunması həm sektorun monitorinqinə, həm də cəmiyyətin güvəninə xidmət edəcək. Bu yanaşma subsidiyaların yalnız maliyyə dəstəyi kimi deyil, həm də iqtisadi inkişaf aləti kimi qəbul edilməsinə şərait yaradır.

Seçilən
27
21
aznews.az

10Mənbələr