“Ferensvaroş” 2024/25 mövsümündə ardıcıl yeddinci Macarıstan çempionluğunu qazansa da, öz meydanında hansı klubla qarşılaşdığını yaxşı bilirdi. Rəqibi sıradan bir klub deyil, UEFA Çempionlar Liqasının 2022/23 mövsümünün üçüncü təsnifat mərhələsində qarşılaşdığı və ümumi hesabda 4-2 hesabı ilə məğlub olduğu (səfərdə 1:1, evdə 1:3) Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” klubu idi. Bu qarşılaşmadan sonra hər iki klubun heyətində kifayət qədər dəyişikliklər olmuşdu. İndi Macarıstan təmsilçilərinə İrlandiya Respublikasının məşhur futbolçusu Robbi Kin başçılıq edirdi. Amma “Qarabağ” komandasının məşqçisi yenə Qurban Qurbanov idi.
Oyundan əvvəl bəzi araşdırmalar aparıb müəyyən ehtimallar etməli olduq. “Ferensvaroş” Çempionlar Liqasının cari seçmə mərhələsində keçirdiyi 4 matçda məğlub olmamışdı. II təsnifat mərhələsində Ermənistan təmsilçisi “Noah”ı 6:4 (2:1, 4:3), III mərhələdə isə Bolqarıstanın “Ludoqorets” komandasını 3:0 (0:0, 3:0) hesabı ilə məğlub edib. Ümumiyyətlə, Robbi Kinin yetirmələri avrokuboklarda son altı ev oyununun hamısında qalib gəliblər. Komandanın əsas qol silahı olan hücumçu Barnabas Varqa bu mövsüm Çempionlar Liqasında 4 matçda 4 qol vurmağa nail olub.
Azərbaycan təmsilçisi də rəqibindən heç nə ilə geri qalmırdı. “Qarabağ” 2025/26 mövsümündə Çempionlar Liqasının seçmə mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gəlib, 10 qol vurub və qapısından cəmi 1 qol buraxıb.
Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu 4:0 (3:0, 1:0), üçüncü mərhələdə isə Şimali Makedoniya “Şkendiya”sını 6:1 (1:0 , 5:1). hesabı ilə məğlub edib. Diqqət çəkən məqamlardan biri də bu idi ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında keçirdiyi dörd oyunun hamısında ilk yarıda qol vurub.
Bu məlumatlara söykənən “Qarabağ” fanatları və Azərbaycan futbolunun pərəstişkarları bu iki komandanın oyunundan fundamental mübarizə gözləyirdilər. Aydın məsələ idi ki, yaşıl qartallar bir dəfə atlara uduzduqları üçün oyuna ehtiyala başladılar. Bəzi əcnəbi şərhçilər qeyd edirdilər ki, məşqçi Qurban Qurbanovun komandasının taktika baxımından böyük problemləri var. Amma onu da etiraf edirdilər ki, qarabağlılar şans yaratmaqda fərqlənirlər, tez-tez əks-hücumlar keçirirlər. Düşünürdük, görəsən bu, yetərli olacaqdımı?
Əvvəlcədən seçim etmək çətin olsa da, redaksiyadakı futbolsevərlər istiyimizdən çıxış edib bu qarşıdurmada “Qarabağ”ın qalib gələcəyini düşünürdük. Amma nə gizlədim, “Ferensvaroş” müsbət nəticəyə daha çox ümidli görünürdü, çünki doğma meydan və tamaşaçı dəstəyi amili onların tərəfində idi.
Düşünürdük ki, macarlar hər zaman hücum futboluna kökləniblər və çətin, oyun üslublarından kənara çıxsınlar. Oyundan əvvəl ev sahiblərindən mütləq aktiv hərəkətlər gözləsək də, bu, mütləq qələbəyə səbəb olmağa əsas vermirdi.
Məsələ burasındadır ki, “Qarabağ” da yaxşı formadadır, onlar da hazırda iki cəbhəyə səpələnməyiblər - ölkə çempionatı hələ yenicə start götürüb. Çempionlar Liqasının hazırkı seçmə mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gələn “Qarabağ”ın əvvəllər bu turnirdə belə qələbə seriyası olmayıb. Üstəlik, ağdamlılar bütün turnirlərdə çox effektiv oynayırlar və bu, macarların müdafiəsi üçün əsl başağrısına çevriləcəkdi.
Oyun başladı, ancaq ilk dəqiqələrdən Robbi Kinin yetirmələrinin hücum futbolu oynamayacağı, əslində, oynaya bilməyəcəklərini aydın görünürdü. Əksinə, “Qarabağ” meydana hücum futbolu nümayiş etdirmək üçün çıxdığını ortaya qoydu. Bundan əvvəlki matçda Makedoniya “Şkendiya”sına bütün xəttlərdə öz dəsti-xəttini nümayiş etdirməyə imkan verməyən “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində çıxış etməyə layiq olduğunu sübut eməkdə idi. Ağdamlılar qonaq komandaya bənzəmir və topa “Ferensvaroş”dan iki dəfə çox nəzarət edirdilər. Matçın əvvəlində Kadi soldan 23 metrdən uzaq küncə əla zərbə endirdi. Qapıçı sıçrayışda əlindəki topa nəzarəti itirsə də, rəqib Leandro Andradenin son zərbəni endirməsinə mane ola bildi. Bundan sonra Stefan Qartenmann sağdan irəli gedərək topu cərimə meydançasına yüksəltdi və Barnabas Varqa sağ dirəyə yaxın topa baş zərbəsi endirdi. Bu cavab hücumu bir nəticə vermədi.
29-cu dəqiqədə sağ cinahdan Sebrails Makrekis cərimə meydançasının xəttindən mərkəzə Varqaya ötürmə etdi. Varqa sağ küncə dəqiq zərbə endirdi. Qapıçımız bu zərbəni dəf etməkdə aciz idi - 1:0. Qarbağlılar bu gözlənilməz qoldan sonra bir anlıq sanki özlərini itirdilər və bir dəqiqə keçməmiş rəqibin oyunçusu Yozef 18 metr məsafədən qonaqların qapısının sağ küncünə əla zərbə endirdi. Qapıçımız əla oynadı və çevik sıçrayışla ikinci qola imkan vermədi. Birinci hissə elə bu hesabla da başa çatdı.
İkinci hissə Robbi Kinin yetirmələri üçün əsl fəlakət oldu. Hakimin fitindən 5 dəqiqə sonra Andrade Marko Yankoviçə əla ötürmə etdi. Buna qədər rəqib oyunçuların ard-arda kobud fəndləri ilə qarşılaşan Yankoviç sanki bunun acığını çıxırmış kimi 22 metrdən qapının sağ küncünə dəqiq güclü zərbə endirdi - 1:1. Qurban Qurbanovun yetirmələrinin əsl oyunu bundan sonra başladı. İkinci hissənin ortalarında Kadi künc bayrağından ötürmə etdi, uzaq dirəyə yüksələn top Kevin Medinaya çatdı. Müdafiəçimiz topu bir toxunuşla dayandırdı, ikincidə isə onu qapı tirinin altından göndərdi - 1:2. Bu da son olmadı. Təşəbbüsə yiyələnən qarbağlılar dayanmaq bilmirdilər. Oyunun sonuna yaxın – 85-ci dəqiqədə yenə Kadi Borjes sürətlə rəqib qapısına şığıyan Musa Qurbanlıya əla ötürmə etdi. Meydana ikinci hissədə çıxan Musa fürsəti əldən vermədi və qapının sol küncünə dəqiq zərbə endirdi - 1:3. Oyun elə bu hesabla da başa çatdı.
Sevincindən ara vermədən hayqıran meydandakı azsaylı soydaşlarımızın səsi indi minlərlə yerli azarkeşin səsini batırmışdı. Əsl qətiyyət və güclü iradə nümayiş etdirən “Qarabağ” turnirin ümumi mərhələsi üçün əla şans əldə etdi.
Cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşmanın qalibi Çempionlar Liqasının əsas mərhələsinə, uduzan isə Avropa Liqasına yüksələcək.
Oyundan sonra “Ferensvaroş”un 2 il əvvəl elə bu meydanda, elə 1:3 hesablı məğlubiyyətindən sonra Macarıstan mediasının manşetə çıxardığı qəzəbli sözlərı xatırladım. O zaman “Nemzety Sport” idman saytı elə belə də yazmışdı: “Çempionlar Liqası arzusuna son qoyuldu. “Ferensvaroş” evdə “Qarabağ”a uduzdu”. Biz əminik ki, Bakıdakı təkrar görüşdən sonra “Qarabağ” Çempionlar Liqasında öz qalibiyyət yoluna davam edəcək. Çünki bu, həm də bizim, çoxmilyonlu Azərbaycan azarkeşlərinin arzusudur.
İlqar RÜSTƏMOV
XQ