Masallıda su anbarında batan şəxsin axtarışı davam etdirilir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, suda batan şəxsin Masallı rayonunun İsi kənd sakini 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanov olduğu ehtimal edilir.
Məlumata görə, M.Aslanov ötən gün saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qaranın ardınca gedib. Dünəndən ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında tapılıb. Onun su anbarında batdığı ehtimal olunur.
Rayonun Qəriblər kəndindəki Viləşçay su anbarında axtarışlara FHN-nin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
***
08.27
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.

