
Ukrayna müdafiə qüvvələri Rusiyanın bir sıra mühüm hərbi obyektlərini, o cümlədən ordu üçün ən böyük neft məhsulları tədarükçülərindən olan Novoşaxtinsk neft məhsulları zavodunu vurub.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hücum potensialının azaldılması və işğalçıların hərbi hissələrinin yanacaqla təminatının çətinləşdirilməsi çərçivəsində avqustun 21-nə keçən gecə Ukrayna Pilotsuz Sistemli Qüvvələrinin bölmələri müdafiə qüvvələrinin digər hissələri ilə birgə Novoşaxtinski zavodunu məhv edib.
Baş Qərargah aydınlaşdırıb ki, müəssisə Rusiya Federasiyasının Rostov vilayətində yerləşir və ölkənin cənubunda ən böyük neft məhsulları tədarükçülərindən biridir. Zavod rus ordusunun təchizat proseslərində iştirak edir. Çənlərin ümumi həcmi 210 min kubmetrdən çoxdur.
Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri rusların uzaqmənzilli PUA-lardan istifadə imkanlarını azaltmaq məqsədilə işğal olunmuş Donetskdə pilotsuz uçan aparatların anbarına və logistika mərkəzinə zərbələr endirib. Xüsusilə, müvafiq obyektin ərazisində zərbə və çoxsaylı partlayışlar təsdiqlənib.
Bundan əlavə, Rusiyanın Voronej vilayətində yanacaq-sürtkü materialları bazası ərazisində zərbə qeydə alınıb.
V. QULİYEV