Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
Mia.az xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib.
Zərərçəkmiş şəxs həyat yoldaşının döyüşlərdə iştirak etdiyini, ermənilərin onun qətli üçün pul mükafatı ayırdığını bildirib: “Həyat yoldaşımın başını kəsdilər. On yaşlı qızımı ikinci mərtəbədən atdılar, ayağı sındı. Bizə girovluqda çoxlu əzab-əziyyət verdilər”.
Rəhilə Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.
***
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 21-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.