AZ

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatında qazandığı medalı atasına həsr edib

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisinin üzvü Nurlan Ağazadə (70 kq) dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib.

"Report" xəbər verir ki, bunu idmançı özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Bolqarıstanın Samokov şəhərində keçirilən yarışdakı çıxışını şərh edib:

“Karyeramda ilk dəfə belə nüfuzlu yarışda iştirak etsəm də, hədəfim qızıl medal idi. Yarımfinalda sırf təcrübəsizliyimə görə moldavalı idmançıya məğlub oldum. Müəyyən qədər həyəcan da sözünü dedi. Bir qədər də dözümlülük çatmadı. Amma ruhdan düşmədim. Gürcü güləşçiyə qalib gələrək bürünc medal qazandım. Bu nəticəni üzərimdə ən çox əziyyəti olan insana – atama həsr edirəm. Şəxsi məşqçim Əşrəf Əliyevə, böyük məşqçimiz Arif Abdullayevə, eləcə də Rövşən Hacıyev və Nazim Əlicanova, Niyazi və Vüsal müəllimə təşəkkürümü bildirirəm”.

Digər bürünc medalçı Vasif Bağırov (57 kq) Bolqarıstana qızıl medal qazanmaq üçün yollandığını deyib:

“Yarış çox yaxşı keçdi. Çempion olmağa getmişdim. Bürünc medal qismət oldu. Yarımfinalda hindistanlı rəqibimə qarşı düzgün taktika qura bilmədiyim üçün uduzdum. İnşallah, qarşıdan gələn yarışlarda uğurla iştirak edərəm. Vətənimi layiqincə təmsil edərəm. Qarşıdan böyüklərin ölkə çempionatı gəlir. Əlimdən gələni edib, çempion olmağa çalışacağam”.

Fəxri kürsünün üçüncü pilləsinə qalxan daha bir güləşçimiz - Yusif Dursunov (125 kq) isə səhvlərdən nəticə çıxaracağını söyləyib:

“Bolqarıstana çempionluq üçün getmişdim. Təəssüf ki, yarımfinalda iranlı rəqibimə sonuncu xal prinsipinə görə məğlub oldum. Rəqib görüşlərimi yaxşı təhlil etmişdi, güləş üslubumu bilirdi. Dünya çempionatında üçüncü yer də yaxşı nəticədir. Səhvlərim üzərində işləyib, gələcəkdə daha yüksək nəticələr göstərəcəyimə inanıram”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 3 bürünc medal qazanıblar.

Seçilən
11
3
report.az

7Mənbələr