Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.
90deqiqe.Az xəbər verir ki, idmançılar Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Bolqarıstanın Samokov şəhərində keçirilən yarışın bürünc medalçısı Vasif Bağırov yarımfinalda rəqibə qarşı düzgün taktika qura bilmədiyi üçün uduzduğunu deyib.
“Yarış çox yaxşı keçdi. Çempion olmağa getmişdim. Bürünc medal qismət oldu. Yarımfinalda hindistanlı rəqibimə qarşı düzgün güləş taktikası qura bilmədiyim üçün uduzdum. İnşallah, qarşıdan gələn yarışlarda uğurla iştirak edərəm. Vətənimi layiqincə təmsil edərəm. Qarşıdan böyüklərin ölkə çempionatı gəlir. Əlimdən gələni edib, çempion olmağa çalışacağam”.
Digər bürünc medalçı Yusif Dursunov Bolqarıstana çempionluq üçün getdiyini vurğulayıb.
“Bolqarıstana çempionluq üçün getmişdim. Təəssüf ki, yarımfinalda iranlı rəqibimə sonuncu xal prinsipinə görə məğlub oldum. Görüşlərimi yaxşı təhlil etmişdi. Güləş üslubumu bilirdi. Dünya çempionatında III yer də yaxşı nəticədir. Səhvlərim üzərində işləyib, gələcəkdə daha yüksək nəticələr göstərəcəyimə inanıram”.
Fəxri kürsünün üçüncü pilləsində olan digər medalçı Nurlan Ağazadə bu yarışda qazandığı nəticəni atasına həsr etdiyini bildirib.
“Karyeramda ilk dəfə belə nüfuzlu yarışda iştirak etsəm də, hədəfim qızıl medal idi. Yarımfinalda sırf təcrübəsizliyimə görə moldavalı idmançıya məğlub oldum. Müəyyən qədər həyəcan da sözünü dedi. Bir qədər də dözümlülük çatmadı. Amma ruhdan düşmədim. Gürcü güləşçiyə qalib gələrək bürünc medal qazandım. Bu nəticəni üzərimdə ən çox əziyyəti olan insana - atama həsr edirəm. Şəxsi məşqçim Əşrəf Əliyevə, böyük məşqçimiz Arif Abdullayevə, eləcə də Rövşən Hacıyev və Nazim Əlicanova, Niyazi və Vüsal müəllimə təşəkkürümü bildirirəm”.