Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.
Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə tarixi töhfədir.
2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri sadəcə diplomatik və strateji gündəmlə məhdudlaşmadı. Bu səfər, həmçinin türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş birliyinin daha da dərinləşdiyinin növbəti bariz nümunəsi oldu.
Prezident İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdimuhammedov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı.
Bu sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir.
Bu razılaşmalar Türk dünyasının iqtisadi və logistik gücünün birləşdirilməsi, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın təşəbbüsləri ilə Mərkəzi Asiya ilə Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı asılılığı gücləndirməklə yanaşı regional sabitliyə də böyük töhfə verir.
Xüsusilə qeyd etmək lazımdır ki,hər gün bir az daha güclənən birliyimizin sarsılmaz dayağı daha dərin və güclü bir reallığa– ortaq ruhumuz, mədəniyyətimiz və mənəviyyatımıza bağlıdır.
Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu eyni kökdən, eyni inamdan, eyni dildən və eyni mədəniyyət mühitindən qidalanıblar.
Bu gün biz rəsmi sənədlərə imza atırıq, amma bizi birləşdirən tarixdə daşlaşmış imzalar – Dədə Qorqudun nəsihətlərində, Məxtimqulunun misralarında, Nizamidən Nəvayiyə qədər uzanan ədəbi körpülərdə iz qoyub. Bizim xalqlarımız Novruzu birlikdə qeyd edib, qurban bayramında eyni dua ilə birləşib, eyni naxışla xalçalar toxuyub, eyni dastanları dinləyərək böyüyüb. Biz bu ortaq yaddaş üzərində formalaşan və yalnız zamanın yaratdığı fürsətləri vaxtında dəyərləndirən strateji tərəfdaş deyil həm də bir-birinə qırılmaz tellərlə bağlı böyük bir AİLƏYİK.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, "Türk dünyası həm mənəvi güc mərkəzidir, həm də beynəlxalq münasibətlərdə ciddi təsirə malik bir qüvvədir.” Bu gün qardaş ölkələrin liderlərinin əl-ələ verərək, ortaq məqsədlər naminə bir araya gəlməsi, siyasi mədəni və tarixi baxımdan münasibətlərimizi yeni bir müstəviyə daşıyır.
İmzalanan sənədlər və atılan addımlar, gələcək nəsillərə daha sıx bağlarla birləşmiş bir Türk dünyası miras qoymaq üçündür. Bu birlik həm bizim gücümüzdür, həm də məsuliyyətimiz.
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına uyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavan və daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir.
Əminliklə söyləmək olar ki bu təməl üzərində yüksələn birliyimiz ortaq uğurlu gələcəyimizin ən etibarlı zəmanətidir.
Bahar Muradova
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.