Bildiyiniz kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi baş vermişdir. Hadisə ciddi zərərlə nəticələnmişdir. Təəssüflə qeyd etmək istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin vacibliyini bir daha ön plana çıxarır.
Azərbaycan Sığortaçılar Assosiasiyasınıdan Marja.az-a bildirilib ki, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən sözügedən hadisə ilə bağlı müvafiq olaraq ölkəmizdə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanmışdır: "Əldə etdiyimiz və bu günə olan rəsmi məlumatlara görə, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb".
Qeyd edək ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. Əlavə olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə edirik.