YUNUS OĞUZ
Hər bir xalqın tarixində, onun tarixinin öyrənilməsində, keçmişinə nəzər salmaqla yanaşı əcdadları ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri – maddi miras da əvəzsiz rol oynayır.
Maddi miras növləri müxtəlif olduğu kimi (məsələn ailə mirası, təbiət mirası, dəşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə, tarixi abidələr və sairə miraslar, qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə,yaxud mirasa isə mədəniyyətin müxtəlif sahələri daxildir. Bu qeyri-maddi irsin ən möhtəşəmi və bədii yaradıcısı epik miraslardır,çunki epik əsərlərin mərkəzində, əsasən, cox zaman yaradıcı insan durur. Epik əsərləri yaradanlar insanlar olsa da bəzən elə olur ki,şifahi xalq ədəbiyyatında bir neçə əsrlər boyunca xalq yaradır və onu yaşadır. Hələ ta qədimdən fəlsəfəni bütün elmlərin şahı hesab edirdilər, lakin başqa elmlər inkişaf etdikcə onlar müstəqilləşdilər. Fəlsəfədə elmin ən güclü sahəsi məntiq qaldı. Bu sözləri təsadüfən diqqətinizə çatdırmadım. Belə ki, epik əsərlərin ən güclü tərəfi Məntiq və Yaradıcı Sözdür. Məntiqsiz olsaq və sözün böyüklüyünə inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini, gizli görüşlərini, psixoloji yaşantılarını və sairə hallarını ədəbiyyata və mirasa çevirə bilməyəcəyik və bu epik miras kimi də həyata vəsiqə qazanmayacaq.
Bəs epik miras, yaxud irs deyəndə nə nəzərdə tutulur? Bu sözün kökü eposdan qəlir və müəyyən hadisəni danışmaq, nəql etmək anlamındadır.
Epik əsərlərdə insanların, tiplərin, personajların psixoloji durumları, xarakterləri ətraflı, baş verən hadisələrin, hətta mühitin təsviri üçün tamamlanmış imkan yaradır. Belə ki, əsəri yaradan müəllif geniş imkanları ilə yanaşı, təxəyyülündən geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün bütün yaradıcı üsüllardan istifadə edir. Lakin əsərin böyük və kicikliyindən asılı olaraq bir neçə süjet ətrafında hadisələr qurulur, sistem daxilində, sözün gücündən istifadə edən müəllif düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kicik, orta, böyük) asılı olaraq,ordaki tiplərin sayı nəzərə alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhramanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürülə bilər. Məsələn, “Manas” dastanı bir dövrün, yəni dövlətin yaranması dövrünü əhatə edir. “Dədə Qorqud” dastanı isə müxtəlif əsrləri özündə birləşdirir. “Koroğlu”dastanı isə bizə sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim edir. Homer isə “İlliada” əsərındə yunanlarla troyalıların (turobalıların) bir-birilərinə qarşı apardıqları müharibədən bəhs edir. Amma, adlarını çəkdiyim bütün əsərlərin bütün sujet xətləri mükəmməl verilib. Burada mif və reallıqlar da mövcüddur. Bu barədə bir qədər sonra danışacağıq. Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, dastan, əfsanə və lətifədir. Şifahi xalq ədəbiyyatında ən cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillər məxsus olduğu xalqın həyatını, fərdlərin həyatını formalaşdıran mirasdır, hər xalqın qəhramanı bu janrlarda müstəsna rol oynayır və son nəticədə ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki, bu eposu yaradan xalq, yaxud müəllif öz xalqını, onun epos qəhramanının xeyir surətini yaradır, əks qəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür və məğlub edilir. Burada mifik qəhrəman daha çox sevilir. Məsələn Ə.Firdovsinin “Şahnamə” eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə aparırlar, sonra isə bu mübarizə İran və Turan arasında müharibələrə çevrilir. Sonralar isə bu dövlətlərin siyasi quruluşu, dünyabaxışı, ideologiyası reallığa çevrilir. Daha sonra isə bu mifi yenə həyatda bərpa etmək istəyənlər tapılır və bu mif ideyanı yeni nəsillərə ötürənlər tapılır. Adını çəkdiyimiz əsərdə sasani ideologiyasını bərpa etmək istəyənlər, həm də onun imperiyasını qurmaq arzusuna düşürlər və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə yol göstərən “Boz Qurd” bu qəbildəndir. Qeyd etmək lazımdır ki, bu gün bu obrazlar miniilərdən gələn, qanımıza işləyən bu mifik obrazlar gənclər arasında geniş yayılıb və bunu reallığa çevirmək istəyənlər kifayət qədərdi. Dastanlar isə özlüyündə iki janra ayrılır; qəhramanlıq və sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir. Qeyd etmək lazımdır ki, bu epik janrda müsbət obrazlar həm sevgisi uğrunda,həm də ədalətli cəmiyyətdə yaşamaq üçün mübarizə aparırlar. Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə qəhramanı məntiqi və hazırcavablığı ilə secilir və nə isə,ya da hansısa sözü tam dəqiqliklə və sərrast deyir. Lətifə qəhramanı qarşısındakını gülüş obyektinə çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdə sevilir. Məsələn, lətifə qəhramanlarından “Bəhlul Danəndə”, yaxud “Molla Nəsrəddin” minillərdir xalqın qəhmanıdır. Lətifələr bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın epik irsində hələ də istifadə olunan “atalar sözləri” də janrdır. Təəssuflər olsun ki, hələ də müasir dövrümüzdə atalar sözlərini epik irsə salmaq istəməyənlər də var. Lakin,bu janr epik irsimizin ən qədimidir. Belə ki, insan yaranışdan, söz ucalığından istifadə edib. Bu janr isə çox lakonikliyilə seçilir. Belə ki, insan qarşısındakını incitməmək, təhqir etməmək, yaxud da böyüklər kiciklərin yanında nüfüzlarını itirməmək üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə epik mirasın aşağıdakı janr növləri vardır:
Təmsil
Şeir və ya nəsrlə yazılmış, heyvanların, quşların dilindən deyilən satirik xarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları düşündürür. Əsas isə belə əsərlərdə insanların psixoloji cəhətdən düşdükləri durumlar və xüsusiyyətlər heyvan və ya quşların dilindən oxuculara çatdırılır.
Hekayə
Bədii yaradıcılığın kiçik həcmli, eyni zamanda məntiqli süjetli əsərin bir növüdür.
Yuxarıda qeyd etdiyimiz kimi, burada insan həyatının xüsusiyyəti, yaxud hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu konkret səhnədə qəhrəmanın həyat anı, onun psixoloji durumu təsvir edilir.
Novella, felyeton, satira
Bu hekayə janrına daxil edilsə də satira, yumor, tənqidi, gülməli məzmun daşıyır.
Belə janrda əsasən insanların, dövrün çatışmamazlıqları tənqid olunur, gülüş hədəfinə çevrilir.
Oçerk
Kiçik həcmli olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir. Oçerk əmək və döyüş adamlarının qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə alınır.
Povest
Həcmcə hekayədən böyükdür, orta janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələr insanların düşüncələrini aça bilməsinə imkan verir.
Roman
Epik mirasımızın ən gənc janrlarından biri olsa da, ən böyüyü romandır. Romanın əsas xüsusiyyətlərindən biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman ola bilər. Bəzən bu janr böyük bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.
Dramaturgiya
Bu janr teatrlaşdırılmış və səhnələşdirilmiş xalq oyunlarını, bayramları və ayinləri özündə kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə uyğun tamaşalar qurulur. Məsələn, “Yada daşı” ayini yağış yağdırmaq üçün; “Kosa-kosa” oyunu Yeni günün (Novruz) gəlməsilə bağlıdır.Hətta yas mərasimlərinin də keçirilməsi səhnələşdirilir.
Orta əsrlərdən başlayaraq teatrlaşdırılmış və səhnələşdirilmiş bu janr dramaturgiyaya çevrildi və satirik və dramatik növlərə bölündü.
Poema
İri həcmli nəzm əsəridir. Bu janrda müəyyən hadisələr kiçik, yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın sevgisi, təbiətin vəsfi və lövhələri geniş təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.
Xatirə, yaxud memuar
Müəllifin şəxsən özünün şahidi olduğu hadisələri qələmə aldığı əsərlər xatirə janrına daxildir. Burada müəllif özünün bütöv bir dövrünü, ya da böyük bir dövrdə yaşadığına görə, iştirakçısı olduğu hadisələri qələmə ala bilər. Buna bəzən memuar da deyilir və vahid süjet xəttindən kənarda olur.
Yuxarıda qeyd etdiyimiz kimi maddi miras, yaxud qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir. Təəssüflər olsun ki, əksər müəlliflər bu iki mirası ayrı-ayrılıqda təsvir və təsəvvür edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığa bağlayırlar. Amma onların vəhdət təşkil etməsini yaxına belə buraxmaq istəmirlər.
Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.
Məsələn, Şliman “İlliada” əsəri əsasında Troya (Turoba) şəhərini tapmasa idi, on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa çevirdi.
Yaxud on doqquzuncu əsrdə Gültəkin abidələri tapılanda Orxon-Yenisey yazıları ortaya çıxmasa idi , bu abidələrin min üç yüz il ərzində mif olduğunu düşünürdülər, hər iki nümunədə bizə qalan təbiətin örtdüyü mirası minillərdən sonra mifi reallığa yönəltdi. Maddi miras mifi də reallığa çevirdi. Təbiətin qoynunda gizlədilən və bizim mif hesab etdiyimiz epik miraslar yerlərini reallığa verdikcə insanların dünya baxışları dəyişir, dövlətinin və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah və etnoqraf Övliya Çələbi Azərbaycanın Dərbənd şəhərində olanda qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir deyirdi. Halbuki, bütün türklər və dünya onu mifik şəxs hesab edirdi. Lakin “Dədə Qorqud” dastanının əlyazmaları Vatikandan və Drezdendən tapılanda epik miras mifdən reallığa çevrildi.
Heç şübhə etmirəm ki, “Manas” eposunda qırğızların Altay dağlarından Pekinə qədər getməsinin və təbiətin gizlətdiyi mirasını bu gün möhtəşəm epos kimi təqdim edilən faktlar bir gün mifin reallıq olduğunu görəcəklər. Daha bir misal. Türk əfsanələrində, dastanlarında türklərin kosmik bağlılığı çox açıq göstərilir. Lakin bu gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı yaranan miflərimiz bir gün reallığa çevriləcək.
Çünki mifin içində reallıq, reallığın içində mif var.