AZ

Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni dərs ilinə hazırlayırlar.

Trend-in əməkdaşı məktəb ləvazimatlarının qiymətlərini və müştərilərin hazırkı alıcılıq maraqlarını araşdırıb.

Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə 45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki, bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında dəyişir.

Kitab və dəftər üzləri 10-30 qəpik arası müştərilərə təqdim olunur. Qələmlərin qiymətləri isə 30 qəpikdən başlayır.

Satıcıların sözlərinə görə, bu il qiymətlərdə müəyyən artımlar olsa da, bazarda həm seçim, həm də alıcılıq gücü var. Satıcılar deyir ki, qiymətlər normaldır. Mərkəzi bazarda məktəb ləvazimatı satan sahibkarlardan biri olan Rauf bəy qiymət artımlarının ciddi olmadığını bildirib:

"Keçən ilə nisbətən dəftərlərdə və qələmlərdə cəmi 5-10 qəpik bahalaşma var. Məktəbli çantalarında isə 2-3 manat fərq müşahidə olunur. Fikrimcə, bu artım normaldır, çünki məhsulların maya dəyəri də dəyişib".

Başqa bir satıcı, Nigar xanım isə keyfiyyət fərqlərinin qiymətlərə birbaşa təsir etdiyini bildirir:

"Ucuz çantalar 25-30 manatdan başlayır, amma keyfiyyətli brend çantalar 80-100 manata qədər qalxır. Hətta 110 manata belə çanta var. Valideynlər, əsasən, orta qiymət aralığını seçirlər. Bununla belə keyfiyyətli məhsula üz tutanlar da kifayət qədərdir".

Dəftərlərin qiymətləri isə daha çox vərəq sayına görə dəyişir.

Satıcı Elçin bəy bununla bağlı deyir ki, sadə dəftərlər 20 qəpikdən başlayır, amma vərəqlər artdıqca qiymət də artır:

"Daha keyfiyyətli, qalın kağızlı dəftərlər 1 manatdan 1 manat 24 qəpiyə qədər yüksəlir. Keyfiyyəti daha aşağı olan dəftərlər isə daha ucuzdur. Yəni hər büdcəyə uyğun məhsullar bazarda yerini alır".

Bəs valideynlər bu barədə nə deyir?

Valideynlər isə qiymət artımlarının ailə büdcəsinə təsir etdiyini vurğulayırlar. Üç uşağı məktəbə gedən Vüsalə xanım deyir ki, orta hesabla 100 manat xərcləyib:

"Amma bu, sadəcə dəftər-qələm, çanta və digər ləvazimatlara aiddir. Əvvəlki illərdən bilirik ki, bu ləvazimatlar ancaq bir neçə ay kifayət edir. Dərs ili boyunca əlavə xərclərimiz də olacaq".

Digər bir valideyn, Kamran bəy əlavə vəsait tələb edən test dəftərlərinin problem yaratdığını söyləyir:

"Şagirdlərdən əlavə olaraq sinif testlərini də tələb edirlər. Qiymətləri o qədər də baha olmasa da, əlavə xərcdir".

Nigar xanım isə qiymət artımlarına baxmayaraq, övladlarını keyfiyyətli məhsullarla təmin etməyə çalışdıqlarını deyir:

"Ucuz dəftər alsan, keyfiyyətli olmur, qələmlər də keyfiyyətsiz olanda uşaqlar rahat yaza bilmir. Ona görə məcbur qalıb nisbətən yaxşı məhsul seçirik. Düzdür, bu, büdcəyə əlavə yükdür, amma uşaqların təhsili üçün qənaət etməyə də ürəyin gəlmir".
 

Milli.Az

Seçilən
11
6
milli.az

7Mənbələr