Əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardan qızıl-gümüş, əmlak, avtomobil və s. fiziki formada mövcud olanlar müsadirə olunardı.
İndi isə dövran dəyişib.
DTX açıqlayıb ki, cinayət predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Və məhkəmə qərarı ilə icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da, güman ki, söhbət Bitcoin və ya Ethereumdan, həmçinin də ölkəmizdə populyar olan Binance və ya BitGet birjalarından gedir:
“Qlobal birjalar da adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər.
Təxmin etmək olar ki, DTX hansısa mütəşəkkil dəstənin kiber cinayətini araşdırarkən bu cinayətin törədilməsində kriptovalyutalardan istifadə edildiyini, onların birja hesablarında xeyli kriptonun olduğunu müəyyənləşdirib.
Qanunvericilikdə də cinayət prosesində əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur”.
O. Gündüz bildirib ki, bu, Azərbaycan tarixində ilk belə hadisədir ki, hansısa cinayət işi üzrə kriptovalyutaya məhkəmə qərarı ilə həbs qoyulub və müsadirə olunub.
Müsadirə olunan kriptovalyutanın taleyi də maraa doğurur. O. Gündüz bildirib ki,
Beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir:
“Buradan belə qənaətə gəlmək olar ki, birazdan Ədliyyə Nazirliyinin herrac.gov.az portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək gərək təəccüblənməyək”.
Gülşən Rəsul