AZ

Azərbaycanda ilk: Müsadirə edilən kriptovalyutaların aqibəti necə olacaq?

Əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardan qızıl-gümüş, əmlak, avtomobil və s. fiziki formada mövcud olanlar  müsadirə olunardı. İndi isə dövran dəyişib. DTX açıqlayıb ki, cinayət predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Və məhkəmə qərarı ilə icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönləndirilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

“Hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da,  güman ki, söhbət “Bitcoin” və ya Ethereum”dan, həmçinin də ölkəmizdə populyar olan “Binance” və ya “BitGet” birjalarından gedir.

Qlobal birjalar da adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər.

DTX-nın açıqlamasında motivin nə olması haqda məlumat verilmir. 

Təxmin etmək olar ki, DTX hansısa mütəşəkkil dəstənin kiber cinayətini araşdırarkən bu cinayətin törədilməsində kriptovalyutalardan istifadə edildiyini, onların birja hesablarında xeyli kriptonun olduğunu müəyyənləşdirib.
Qanunvericilikdə də cinayət prosesində  əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur”, - deyə o əlavə edib:

O.Gündüzün sözlərinə görə, hansısa cinayət işi üzrə kriptovalyutaya məhkəmə qərarı ilə həbs qoyulması və müsadirə olunması Azərbaycan tarixində ilkdir:

“Düşünürəm ki, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır.
Hələlik ölkəmizdə virtual aktivlər haqqında qanun qəbul edilməyib. Bir müddət öncə Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi adı çəkilən qanun layihəsinin hazırlanmaqda olduğunu bildirmişdi”.

Mütəxəssis müsadirə olunan kriptovalyutanın taleyinin necə olacağı barədə də fikirlərini bildirib:

“Beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir.
Buradan belə qənaətə gəlmək olar ki, birazdan Ədliyyə Nazirliyinin herrac.gov.az portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək gərək təəccüblənməyək”.

Billurə
 

Seçilən
23
6
olke.az

7Mənbələr