AZ

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində hərzamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub - RƏY

Bakı, 28 avqust, AZƏRTAC

Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindəki fikirlər dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətini bir daha nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində yaxın keçmiş tariximizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hərzamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub.

Prezident məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri avqustun 8-dəki Vaşinqton razılaşması idi. Dövlətimizin başçısı bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycanın və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur. Bununla yanaşı, o, mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq Qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən inteqrasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi.

Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını deyərək qeyd edib: “Dövlətimizin başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də avqustun 8-dəki razılaşmada öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi. Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. Qırx dörd günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət Vaşinqton razılaşmasında öz əksini tapıb. Zəngəzur dəhlizi və onun region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlətimizin başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.

Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlətimizin başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci il noyabrın 9-da - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlətimizin başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, o qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb. Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə və dəstəklənməkdədir.

 

 

Seçilən
16
5
azertag.az

6Mənbələr