AĞDAM, 28 avqust. TELEQRAF
"Uşağı hər gün döyürdülər"
Teleqraf-ın Qarabağ bürosunun əməkdaşı xəbər verir ki, bunu Ağdamda valideynləri tərəfindən işgəncə verilən uşağın qonşusu Afiq Ağayev deyib.
"Hadisədən bir gün öncə - gecə qapılarının önündən keçirdim. Gördüm atası uşağı döyür, qapazla çox bərk vururdu. Dedim uşağı niyə elə döyürsən...Cavab verdi ki, sözümə baxmır, məni əsəbləşdirir. Darvaza bağlıydı, yoxsa gedib ayırıb, başa salardım. Bildiyimə görə, uşaqların anasının atası Telman kişi Bakıda qalır.
Ötən gün hadisə baş verəndə mən burda olmamışam. Amma ümumiyyətlə, uşağı hər gün döyürdülər".
Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı Ağdam Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Onun qardaşı hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasındadır. Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hər iki azyaşlı Bakıda körpələr evinə yerləşdiriləcək.
Uşaqların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Qadın da polisdə izahat verib, amma onun hamilə olması nəzərə alınaraq müvafiq tədbir görülməklə evə buraxılıb.