AZ

Mahir Emreli oynamadı, “Kayzerslautern” “Darmştadt”ı yendi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 4-cü turu çərçivəsində “Darmştadt”la qarşılaşıb.

Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” 3:1 hesablı inamlı qələbəyə sevinib. Yüngül zədəsi olan Mahir bu oyunun iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də salınmayıb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qola imza atıb.

4 turdan sonra 6 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
65
2
arena.az

10Mənbələr