Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 28-ci turu çərçivəsində “Gimçeon Sanqmu” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası bu qarşılaşmadan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının qələbə qolunu da 90+8-ci dəqiqədə Krivotsyuk vurub. O, qoldan sonra sarı vərəqə ilə də cəzalanıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 28 oyuna topladığı 45 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Krivotsyukun komandası 28 oyuna 12 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 21-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 82 oyuna çıxıb, 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.