AZ

Gedişhaqqı 1 manat olacaq? Komitə sədrindən REAKSİYA

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İctimai nəqliyyatda gedişhaqqının məbləğinin artacağı ilə bağlı iddialar yayılıb. Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq. 

Buna təsir edən faktorlar kimi nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir. Hələlik bu barədə rəsmi açıqlama verilməyib. 

Xatırladaq ki, ictimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən verilən qərara əsasən, ictimai nəqliyyatda tariflər bir gediş üzrə 50 qəpik olub.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyev xalqın sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan bütün tədbirləri görür və heç vaxt qiymətlərin əsassız yerə artırılmasının tərəfdarı olmayıb:

“Sözsüz, hər bir vətəndaş həyat şəraitini normal qurmaq üçün çalışır və özünün büdcəsinə görə yaşayışını tənzimləyir. Mən də qiymətlərin əsassız yerə artırılmasının tərəfdarı deyiləm. Ancaq təəssüflər olsun ki, bir çoxları vəzifəyə gəldikdən sonra əsas olmadan ya ixtisarların edilməsinə, ya da qiymətlərin birdən-birə artırılmasına üstünlük verirlər. Sözsüz, dünya iqtisadiyyatında yaranan çətinliklər bir çox hallarda qiymətlərin artırılmasını da zərurətə çevririr. Bunun üçün araşdırmalar aparılmalı, qabaqlayıcı tədbirlər görülməli, insanların narazılığına səbəb olan hallara yol verilməməlidir. Biz dünyaya inteqrasiya olunuruq və fiskal ixrac prosesində dövlətimiz yaxından iştirak edir və dünyanın əksər ölkələri ilə əlaqələrimiz genişlənməkdədir. Belə olan halda qiymətlərin artırılıb-azalmasında da müəyyən hallar müşahidə olunmaqdadır. Bu insanlar tərəfindən də bir çox hallarda məqbul qarşılanmalıdır".

Komitə sədri söyləyib ki, bəzən qiymətlərin cüzi şəkildə artımı böyük bir rezonans yaradır, bir çoxları bunu faciə kimi qarşılayır:

"Ancaq bu belə deyil. Əgər əməkhaqları, pensiyalar, müavinətlər müntəzəm olaraq artılırsa, qiymətlərin artmasına da müəyyən mənada razılıqla yanaşmaq lazımdır. Sözsüz, avtobus və metroda gedişhaqlarının birdən-birə artırılması haqda yayılan informasiyalar bu gün həqiqəti əks etdirmir. Şübhəsiz ki, bu barədə müvafiq orqanlar öz fikir və düşüncələrini ortaya qoymalı, çıxış etməlidirlər, müəyyən əsaslandırmalar olmalıdır. Və qiymətlərin artırılmasına inam yaradılmalıdır ki, nəyə görə haradasa qiymətlər bu səviyyədə artırılır. Sözsüz, bu barədə müvafiq orqanlar yəqin ki, insanlara lazımi məlumatlar verəcəklər və verməlidirlər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
4
modern.az

10Mənbələr