Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A. Həsənov saxlanılıb. Ondan 10 kiloqram tərkibi zərərli qatqılarla zənginləşdirilmiş marixuana aşkarlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
A.Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.