Bu gün “Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndərəcək.
Sifariş ərizəsində Liqa mərhələsində oynayacaq futbolçuların adları yer alacaq.
Sifariş ərizəsi ən geci saat 23:59-dək göndərilməlidir.
Hazırda Ağdam klubunun hücum xəttinə almaq istədiyi azı 1-2 legioner var.
Bu dəqiqəyə olan son məlumat qanqaraldıcıdır. Saytımızın əldə etdiyi informasiyaya görə, Sambu Samanonun Azərbaycana gəlişi düyünə düşüb.
«Qarabağ»ın Çempionlar Liqasına vəsiqə qazanması «Loryan»ın iştahını xeyli artırıb. Fransa klubu «köbhlən atlar»dan istədiyi təzminatın məbləğini iki dəfə artırıb.
Belə ki, Liqa 1 təmsilçisi 10 milyon avro tələb edib. Hərçənd seneqallı şəxsi müqavilə şərtlərində «Qarabağ»la əl sıxışıb.
Çempionumuz Olavio Juninyonu geri qaytarmaqda da problemlə üzləşib. Azərbaycan təmsilçisi “sambaçı”nı icarəyə götürmək istəsə də, “Flamenqo” razılaşmayıb.
Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya “Qarabağ“dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.
Yerli A Seriyasının nümayəndəsi 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olması barədə ağdamlı həmkarlarını məlumatlandırıb.
Onlar yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını bildiriblər. “Qarabağ“ tərəfi isə həmin məbləği ödəməkdən boyun qaçırıb.
Səbəbkarın özü isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. Juninyo “Qarabağ“ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.
“Qarabağ” ÇL-də ilk matçını sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı keçirəcək.
SPORTİNFO.AZ