Mehman İsmayılov: “...Görüş ehtimalı azdır, görüş olsa belə...”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tuta biləcəyini deyib.
“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür. Onların bu tədbirdə görüşmək imkanı olacaq”-deyə Peskov bildirib.
Peskov belə bir görüşün baş tutmasına ümidvar olduğunu söyləyib: “Ən azı, belə bir fürsət olacaq”. Bu görüşün baş tutma ehtimalı barədə deyilsə də, axşam saatlarına (2 sentyabr) yaxınlaşmasına baxmayaraq, hələlik bu görüşün olub-olmayacağı haqda hər hansı bir məlumat yoxdur. Ümumiyyətlə, Putinlə Əliyevin indiki şəraitdə görüşmələri ölkələr arasındakı mövcud siyasi soyuqluğu həll edə bilər, bilməz? Belə bir görüşün keçirilməsi daha çox kimə lazımdır? Azərbaycan tərəfi hər halda heç vaxt belə görüşlərdən yayınmayıb, indi də yayınmır. Gözlənilən bu görüşlə bağlı Azərbaycanda ekspertlər nə düşünür?Görüş niyə baş tutmadı?
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Çində ŞƏT-in sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimr Putinin görüşəcəyinə ümid etmir. “Ona görə ki, Rusiya Azərbaycanın ünvanına o qədər daş atıb, o qədər Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib, Putin hakimiyyəti son 8-9 ay müddətində Azərbaycana qarşı o qədər cinayətlər törədib ki, indi Çinin ərazisində görüşüb çözüləcək bir məsələ qalmayıb. Üstəlik də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 26 avqustda “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə ortaya qoyduğu mövqe var ki, Azərbaycan 1920-ci ildə Rusiya tərəfindən işğal edilib. Azərbaycan Rusiyanın işğalçı olduğunu dəfələrlə qeyd edib. Amma ən yüksək səviyyədə son nöqtəni İlham Əliyev qoydu və dedi ki, Rusiya işğalçı dövlətdir, Rusiya Ukraynanın ərazisinə müdaxilə, təcavüz edib.
Bu müddət ərzində Rusiya Azərbaycana qarşı ən qatı cinayətlər törətdi, Azərbaycanın sərnişin təyyarəsini vurdu, kiberhücumlar təşkil etdi, dinc əhalini Bastrıkinin başçılığı ilə döyüb öldürdülər, sonra da meyitlərinə qarşı hörmətsizliklər etdilər. İndi də Rusiyanın ərazisində etnik azərbaycanlıların “ovu” həyata keçirilir, azərbaycanlıların biznesinə əl qoyulur, ticarət nöqtələri əllərindən alınır. Belə bir vəziyyətdə Rusiya Prezidenti işğalçı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ehtimalı azdır, görüş olsa belə bir şey dəyişməyəcək. Çünki Ukrayna ərazisində açıq-açığına Azərbaycanın enerji obyektlərinə zərbə vurmaq, Trükiyə-Ukrayna birgə dron müəssisəsinə zərbə endirmək Putinin hikkəli və cinayətlərlə dolu əməlləridir. İndi Putin görüşüb Azərbaycan Prezidentinə nə deyəcək? Sərnişin təyyarəsini vurduqlarına, 38 sərnişinimizi öldürdüklərinə görə üzr istəməyib. Təzminat ödəmək istəmir, dövlət ərkanından kənarda çox rəzil bir mövqe nümayiş etdirir. Belə bir durumda Putin cənab Əliyevlə görüşüb nə deyəcək? Nəyi həll edəcək? Nəyi dəyişəcək?Görüşsələr belə nə dəyişəcək? Azərbaycan nə qədər səmimidirsə, Rusiya bir o qədər qeyri-səmimidir. Azərbaycan nə qədər öz öhdəliyinə sadiqdirsə, Rusiya bir o qədər xaindir. Rusiya heç bir zaman öz öhdəliyinə əməl etməyib, bağladığı heç bir müqavilənin şərtlərini yerinə yetirməyib. Rusiya işğalçıdır, yırtıcı və aqressiv bir dövlətdir”.
M.İsmayılovun fikrincə, əlbəttə ki, Çin ərazisində ayaqüstü və növbəti bir görüş ola bilər, amma Azərbaycanın tutduğu ədalətli, qanuni, bütün beynəlxalq standartlara söykənən mövqe dəyişməz, Rusiyanın da yırtıcı, işğalçı və Azərbaycana köklənmiş nifrəti dəyişməz. “Rusiya Güney Qafqazda uduzub, Azərbaycana və Türkiyəyə məğlub olub. Azərbaycan Rusiyanın 200 illik işğalına son qoyub. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, erməni separatizminin kökünü kəsib, Ermənistanı Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütünlüyünü tanımağa məcbur edib, Azərbaycan Rusiyanı Güney Qafqazın ərazisində A-dan Z-yə qədər məğlub edib. Azərbaycan 80 milyon insanın yaşadığı Orta Asiya türk cumhuriyyətlərinin Avropaya qapısını açıb, Azərbaycan Pekindən Londona qədər olan Orta Dəhlizin bərqərar olmasını təşkil edib, Güney Qafqazda Rusiyanın təsirini sıfırlamaq üçün ABŞ-la işbirliyinə gedib. Azərbaycan Ermənistanla nizamlanma prosesinin Moskvada deyil, Vaşinqtonda baş tutmasına nail olub. Ona görə də Putinin göstərdiyi bütün hikkələr boşdur, Azərbaycana qarşı heç bir cəza mexanizmi yoxdur, Azərbaycan Prezidenti qalibdir, Azərbaycan xalqı qalibdir.Putinlə görüş olsa da, olmasa da, bu, Azərbaycanın indi tutduğu prinsipial mövqeyə təsir edəcək məsələ deyil, Rusiyanın da mahiyyətini dəyişdirməyəcək”-deyə M.İsmayılov qeyd etdi.
İradə SARIYEVA