Avropa İttifaqı Vaşinqtondan dəstək ala bilməyib, görüş məyusluqla başa çatıb və artıq liderlər Trampın Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyindən əmin olublar....
Poliqon xəbər verir ki, Almaniyanın Bild nəşri eksklüziv məqaləsində ABŞ prezidenti Donald Tramp ilə Avropa İttifaqı (Aİ) rəsmiləri arasında baş tutan telefon danışığının gərgin keçdiyini yazıb. Mənbəyə görə, söhbət yüksək tonla başlayıb və Tramp Avropanı Ukrayna məsələsində kifayət qədər addım atmamaqda ittiham edib. ABŞ lideri Avropa ölkələrindən Çinin Rusiyaya dəstəyi səbəbilə ona qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməyi tələb edib.
Bild-in məlumatına görə, Avropa İttifaqı nümayəndələri söhbəti yumşaltmağa çalışaraq sakit tonda cavab veriblər. Onlar Vaşinqtonla əməkdaşlıqda maraqlı olduqlarını bildirib, hətta 48 saat ərzində ABŞ-a xüsusi nümayəndə heyəti göndərərək Çinə qarşı birgə sanksiya layihəsi üzərində işləməyə hazır olduqlarını vurğulayıblar. Lakin bu təşəbbüs nəticə verməyib. Tramp qarşılıqlı addım və ya konkret öhdəlik təqdim etməyib, mövzunu kəskin şəkildə bağlayıb.
Jurnalın yazdığına görə, Aİ tərəfi görüşə ABŞ-ın imzası ilə Çinə qarşı yeni "koalisiya" mexanizmi formalaşdırmaq niyyəti ilə gəlmişdi. Ancaq nəticədə Avropa rəsmiləri Trampın “özünüz başlayın”, “sizin günahınızdır”, “bu sizin müharibənizdir” kimi sərt və emosional çıxışları ilə üzləşiblər. ABŞ prezidentinin ritorikası heç bir konkret nəticə vəd etməyib.
Bild vurğulayır ki, görüşdən sonra Avropa tərəfi ciddi məyusluq içində qalıb. Avropa rəsmiləri Trampın Rusiya üzərində təzyiq göstərə biləcəyinə dair ümidlərini itiriblər.
Poliqon.info