BAKI, 5 sentyabr. TELEQRAF
Ukraynanın avropalı tərəfdaşları Kremli sanksiya ilə hədələyən, lakin real addımlar atmayan Trampdan, sonuncu isə Rusiyadan neft alan Avropadan narazıdır.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşru yazır.
"Bild" "Könüllülər koalisiyası" ölkələrinin liderləri ilə Donald Tramp arasında bugünkü telefon danışığı barədə məlumat verərkən qeyd edir ki, ABŞ Prezidenti avropalıları Rusiya neftini almaqda və bununla da Ukraynaya təcavüzü dolayısı ilə maliyyələşdirməkdə ittiham edib.
"Bild"in mənbələrinə görə, avropalılar bunu inkar etməyə çalışıblar vəTrampa Rusiya neftini yalnız Macarıstan və Slovakiyanın aldığını bildiriblər. Amma görüşdə iştirak edən Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff qeyd edib ki, Avropanın qalan hissəsi Hindistan neft emalı zavodlarında Rusiya neftindən hazırlanan neft məhsulları alır.
Tramp Rusiyaya qarşı sanksiyalar məsələsini qaldıranda avropalılar bunu dəstəkləyiblər və Rusiyaya qarşı sanksiyalarla bağlı işçi qrup yaratmaq üçün 48 saat ərzində öz nümayəndələrini Vaşinqtona göndərməyə hazır olduqlarını bildiriblər. Bununla belə, Trampın bu təkliflə razılaşıb-razılaşmadığı bəlli deyil.