Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, ötən gecə DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunları keçirilib.
I qrupunda yer almış Moldova millisi öz meydanında İsrail yığması ilə qarşılaşıb. Moldova millisinə dəvət almış Avram da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxmış 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib. Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb.
Seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətini almış Moldova millisi qrupda sonuncudur. Xallarının sayını 9-a çatdırmış İsrail yığması isə hazırda ikinci pillədə qərarlaşıb.
Moldova yığması növbəti matçını sentybarın 9-da Norveçə qarşı keçirəcək.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 14 oyuna çıxıb. O, bu oyunlarda 26 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 81 oyuna 91 qol buraxıb, 26 “quru” matç keçirib.
Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.