Xəbər verdiyimiz kimi, sebtyabrın 6-da Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində dəhşətli qəza baş verib.
Musavat.com xəbər verir ki, “KamAZ” markalı yük maşını körpüdən “Changan” markalı minik avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində qəzaya səbəb olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Changan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Hadisə nəticəsində xəsarət alan "Changan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Qeyd edək ki, hadisədən sonra lentə alınmış videogörüntülərdə bir neçə avtomobilə də ciddi ziyan dəydiyi görünür. Həmçinin bir çox sürücü də qəzadan son anda xilas olmağı bacarıb.
Qəza zamanı dünyasını dəyişən “KamAZ” markalı avtomobilin sürücüsü Vahid Əbdülovun fotosunu təqdim edirik.
Musavat.com