Yaponiyanın Baş naziri Şiqeru İşiba iyulda parlamentin Yuxarı Palatasına keçirilmiş seçkilərdən sonra hökumət başçısı və Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayıb.
NHK dövlət televiziyasının məlumatına görə, baş nazir Tokioda keçirdiyi mətbuat konfransında Senat (Sangiin) seçkilərinin nəticələrinin Yaponiya hökumətinin işinə təsirini qeyd edib.
Baş nazir xatırladıb ki, hakim LDP koalisiyası və onun tərəfdaşı Komieto parlamentdəki yerlərin əksəriyyətini itirib və seçki məqsədlərinə nail olmayıb. “Seçkilərin nəticələri gözləntilərimizi doğrultmur, ona görə də mən istefa vermək qərarına gəldim”, İşiba deyib.
İyulun 20-də seçicilər üç ildən bir seçkilərin keçirildiyi 248 yerlik Yuxarı Palatada yerlərin yarısının taleyini həll ediblər.
Nəticələr göstərib ki, 123 yer hazırkı qüvvələrdə qalıb, 125 yer isə yeni deputatlar qazanıb. Seçkilərə qədər 75 mandata malik olan hakim koalisiya seçkilərdə çoxluq üçün nəzərdə tutulan 125 mandata çata bilməyib və cəmi 47 yer əldə edib.
Beləliklə, 2024-cü il seçkilərində Aşağı Palatada çoxluğunu itirən hakim koalisiya yenidən Yuxarı Palata üzərində də nəzarəti itirib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”