
Avropa İttifaqı Rusiyadan enerji resurslarının idxalına görə Çinə qarşı sanksiyalar tətbiq edə bilər.
Olaylar xəbər verir ki,bu barədə "Financial Times" məlumat yayıb.
Məqalədə bildirilir ki, Aİ rəsmiləri Rusiya nefti və qazını alan Çinə və digər üçüncü ölkələrə qarşı mümkün sanksiyaları müzakirə edirlər.
Nəşrin mənbələrinin sözlərinə görə, bazar günü Avropa rəsmiləri və diplomatları yeni sanksiya paketinə daxil edilə biləcək tədbirlərlə bağlı ilkin danışıqlara başlayıblar. Xüsusilə, Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi məsələsi gündəmə gəlib.
Qeyd olunur ki, bu addım bütün Aİ üzvlərinin yekdil dəstəyini tələb edir. Lakin Macarıstan və Slovakiya buna qarşı çıxa bilər.
Mənbələrdən birinin açıqlamasına görə, ikinci dərəcəli sanksiyalara dair təkliflər "çox ilkin mərhələdədir" və onların qəbul olunması ABŞ-ın Çinə enerji daşıyıcılarının idxalına qarşı sanksiyalar tətbiq etməsindən asılı olacaq.
Xatırladaq ki, Almaniyanın kansleri Fridrix Merts daha əvvəl Avropanın Rusiya üzərində kifayət qədər təsir imkanına malik olmadığını etiraf edib.
İbrahim Məmmədli