AZ

Qərbi Azərbaycan Xronikası: "Göyçə müqəddəs insanların məkanıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi tarixçi Şahlar Hacıyev olub.
O, Qərbi Azərbaycanın Göyçə mahalından söhbət açıb. Bildirib ki, Göyçə mahalı 1988-ci ilə kimi azərbaycanlıların kompakt yaşadığı ərazi olub. Göyçə mahalı tarixi mənbələrdə adı dəfələrlə qeyd edilən Göyçə gölünün sahilləri boyu geniş ərazini əhatə edir. Bu coğrafi ərazi tarixən türk tayfalarının yaşayış məskəni olub. Hətta Urartu mənbələrində belə, Göyçənin adı çəkilib.
Tarixçinin sözlərinə görə, Oğuz türklərinin əcdadı sayılan Oğuz xanın məzarının Göyçə gölü ətrafında olması da bu qədim yurdun əzəli sakinlərinin kimliyindən xəbər verir. Bəzi tarixi mənbələrdə isə Göyçə müqəddəs insanların məkanı kimi təqdim olunub.
Ş.Hacıyev Göyçədə xristian türklərə aid çoxsaylı abidələrin olmasına diqqət çəkib. Deyib ki, ərazidə xaç daşların, alban kilsələrinin sayı-hesabı yoxdur. Amma bu abidələri indiki ermənilərlə heç cür əlaqələndirmək olmaz. Tarixçinin qənaətincə, hətta ermənilərin bu gün iddia etdiyi Kilikiya Məlikliyini də vaxtilə xristian türklər yaradıb.
Tarixçi vurğulayıb ki, bir neçə millətin qarışığından əmələ gələn ermənilər hazırda bu tarixə, abidələrə, mədəniyyətə sahib çıxmağa, ən müxtəlif vasitələrlə onları özününküləşdirməyə, saxtalaşdırmağa çalışırlar. Halbuki hayların XIX əsrə qədər tarixi, mədəniyyəti olmayıb. Bu etnik qrupa uydurma tarixi, süni dövləti ingilislər və ruslar yaradıblar. Göyçə gölü ətrafında arxeoloji qazıntılar zamanı üzə çıxan Ərtaşın sınır daşları üzərindəki tarixi yazılar bir daha sübut edir ki, bu torpaqların, ümumiyyyətlə Ərməniyyə deyilən ərazinin indiki ermənilərə aidiyyəti yoxdur.
Ş.Hacıyev sonda ermənilərin Azərbaycan türklərinə qarşı dəyişməyən münasibətinə toxunub. Qeyd edib ki, ermənilər tarix boyu, elə indinin özündə də uşaqlarını türklərə qarşı nifrətlə böyüdür, beyinlərini zəhərləyirlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
40
1
oxu.az

10Mənbələr