AZ

Yeni geosiyasi nizam tək zaman məsələsidir?..

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ən sonuncu sammiti nəinki yayın ən böyük siyasi hadisələrindən biri kimi yadda qalacaq, hətta qeyd etmək lazım gələcək ki, təşkilatın bu vaxta qədərki tədbirlərinin heç biri ən azı Azərbaycanımızda belə diqqət çəkməmiş, maraq doğurmamışdı.

Bu həm də onunla bağlı idi ki, vaxtilə düşmən olan Azərbaycan və Ermənistan Rusiyanın təzyiqlərini neytrallaşdıra biləcək daha bir “geosiyasi tutacaq” tapmaq üçün ciddi və özü də birgə cəhdlər edirlər.   

Amma tale hələ də onları “rəqiblər” kimi saxlamaqda davam edir. Hətta adamın yadına bizim qısameterajlı “Rəqiblər” filmi düşür. 

Pekində Bakı və İrəvan liderlərinin daha bir kontaktı baş tutsa da yenə də Hindistan (həm də Rusiyanın təhrikilə) Azərbaycanı, Pakistansa Ermənistanı “blokladı”, hərçənd, daha çox siyasi təhlilçi bu fikirdədi ki, daha bu, Azərbaycan-Ermənistan yox, əslində Pakistan-Hindistan savaşdır və ABŞ prezidenti Dehli ilə İslamabad arasındakı müharibəni dayandırmasıyla öyünsə də onlar arasında “buzlar” hələ tam əriməyibdir. 

Sonuncu sammit həm də onunla əlamətdardı ki, Azərbaycan kiçik ölkə olsa da çox böyük geoqitisadi layihə və planları var. Bütün planların da  ucu Çinə bağlanır – hətta gələcək Zəngəzur dəhlizinin də. 

Pekinin ŞƏT-də olması həm də təşkilatı Rusiyanın geosiyasi inhisarından çıxaran amildir – Pekinlə Moskva hələki yaxşı qonşulardır. Güman, heç vaxt mehriban və əbədi dostlara çevrilməyəcəklər. 

Burada qeyd edək ki, Rusiyanın ümidləri tək ŞƏT-lə bağlı deyildi, BRİCS-ə də çox böyük ümidlər bəsləyir, onu öz geosiyasi maraqlarının alətinə çevirməyə çalışırdı. Nə oldu? Alındımı? Əlbəttə yox! Bəzi rusiyalı siyasi təhlilçilər neçə il əvvəl yazırdı ki, BRİCS-dəki dövlətləri iddiadan başqa heç nə birləşdirmir və onların heç biri Qərbdən, xüsusən  NATO-dan Rusiya qədər “yanıqlı” deyillər. 

İddialar imkanlara adekvat olmalıdır. Ona görə də BRİCS ölkələrinin liderlərini sadəlövh saymaq lazım deyil, onlar özlərinə nəyin lazım olduğunu heç də “Kreml münəccimləri”ndən və Rusiyanın “baş kahin”i cənab Aleksandr Duqindən az bilmirlər. 

Üç-dörd həftə əvvəl Duqin haqda saytların birində (bu saytda da toxunmuşdum məsələyə) “Savadlı kim, ağıllı kim, Duqin kim?”adlı yazı yazmışdım və qeyd etmişdim ki, adamın savadı var, ağılısa yox.  

Ötən həftə eşitdim ki, Duqin guya yuxuda Allahı “görüb”! Təsəvvür edirsiz? Odur, “əstəğfürullah!” deyin, salavat çevirin və zikr edin ki, belə “yuxular” görməyək! Deyilənlərə görə, dünyada 124 min peyğəmbər olubdu, amma heç birinə Allahı görmək qismət olmayıbdır:  nəticəsini özünüz çıxarın...

Çinə gəldikdə isə, hazırda ona daha çox bazarlar və onlara aparacaq yollar lazımdır. Maraqlısı budur ki, çox təhlilçilər tələm-tələsik mərkəzi gələcəkdə Çin olacaq yeni geosiyasi arxitekturadan yazır. Bizə elə gəlir, tələsmək lazım deyil.

Yeni dünya təhlükəsizlik arxitekturası qurmaq asan deyil. Bunun üçün zəruri hərbi-təhlükəsizlik infrastrukturası qurulmadır. Belə arxitekturaya hələki yalnız ABŞ və qismən Rusiya malikdir. Bəli, sonuncunun da cırtdan NATO–su var; söhbət KTMT-dən gedir, hansı ki, daha çox gənc türk dövlətlərinin sayəsində mövcuddur və amorf institutdur. 

Ona görə ki, Moskva onlardan ürəyincə faydalana bilmir: məsələn, Minski (hətta o da fəal deyil!) çıxmaqla, demək olar, digər KTMT dövlətləri Moskvanın Ukrayna avantürasında iştirak etmir, Kreml bura Şimali Koreyanı qatmaq məcburiyyətindədir.  

NATO-ya gəlidikdə, görün, on illər ərzində ABŞ və Avropa dövlətləri (Tramp heç etməsə bunu!) nə boyda hərbi şəbəkə yaradıb! Bir görün, nə qədər dövlətin ərazisində ABŞ-ın və ya NATO-nun hərbi bazaları var!.. 

Bəli, böyük hərbi və təhlükəsizlik infrastrukdurudur bu! Sözsüz, Çinin də böyük iqtisadi, demoqrafik resursu var. Amma onun yeni güc alyansına çevrilməsi təkcə zaman məsələsi deyil, baxmayaraq ki, yaxın beş-on ildə dünyanın ikinci nüvə dövləti olacağı proqnozlaşdırılır: hazırda üçüncü yerdə qərarlaşıb. Amma burada bəzi incə məqamla var.

Snrasını dəqiq bilmirik, amma NATO vaxtilə həm də müəyyən siyasi-iqtsadi dəyərləri bölüşən ölkələrin alyansıydı. Çin belə geosiyasi kondensasiya mərkəzinə çevrilərmi? Məsələn, özümüz istəyərikmi ki, ərazimizdə Çinin hərbi bazası olsun? 

Etiraf edək ki, bu suala kimsə “hə” deməyə tələsməz. Elə Pekin özü də belə statusa can atımır, əvvəldə qeyd etdiyimiz kimi, ona yalnız bazarlar və yollar lazımdır. 

Çinin Avropayla yarımtrilyonluq ticarəti var, güman, ABŞ-la ticarəti də az deyil. Pekin bunlardan imtina edib Moskvanın geosiyasi avantürasına qoşularmı? Güman etmirik. 

İndi Çini geosiyasi çəkişmə meydanına itələməyə iki dövlət cəhd edir. 

Ən birincisi Rusiyadır və onu özünün alətinə çevirmək istəyir. Digəri ABŞ–dır  Onu da Çin iqtisadi rəqib kimi ehtiyatlandırır. Problem bundadır. Bu səbəbədən düşünməyək ki, yeni “dünya dizaynı” qurmaq  asan məsələdi. Əvvəldəki sualı təkrar edirik: əsas məsələ doğrudanmı, yalnız zamandır?..

Bakı Çinlə sıx əlaqələr qurmaqda düz edir. Birincisi, Pekin perspekrivli geoiqtisadi partnyordur. 

İkincisi, hələ Qərbi, ABŞ-ı deyə bilmərəm, amma Pekinlə ən azı Moskvanın geosiyasi iddialarını məhdudlaşdırmaq mümkündür – hərdən  Mərkəzi Asiya ölkələri də (Türküstan) belə edir.   

Üçüncüsü, illərdir yazırıq ki, daha iqtisadi - texnolji inkişaf Qərbdə, xüsusən Avropada lokallaşmayıb, nəinki Uzaq Şərqdə, eləcə də Cənub–Şərqi Asiyada əsl iqtisadi möcüzələr baş verir. 

Nitşenin fikri var: mənə qayıtmaqçün məni inkar et! Bu ölkələr Qərbin iqtisadi reseptlərilə çox irəlilədi. Vaxt gələcək, siyasi dəyərlərinə də qayıdacaqlar, çünki onlar da (bəzi istisnalarla) həqiqətən universaldır,  yəhudi və anqlo-saks düşüncəsinin (Duqinlər belə iddia edir!) məhsulu deyil, cəmi bəşəriyyətindir...

Amma sammitdən bir detalı bölüşməyə bilmirəm. Yoldaş Sini hərbi mundirdə göstərdilər. Necə Stalinə oxşayır, təkcə “xalqlar atası”nınki kimi bığları çatmır! Yadıma düşdü ki, Stalin də gürcüdən çox monqola oxşayırdı. Bəzi tarixçilər, xüsusən konspirologiya həvəskarları, bu zəmində “nəzəriyyələr” qururdu. Bəzisinə adamın lap gülməyi gəlirdi: məsələn, guya Stalin Çingiz xanın nəslindəndir! Gülməlidir, deyilmi? Bəlkə yoldaş Si də çinli yox, gürcüdür? Nə isə! Bu da bir zarafatdır...

Sonda bir qeyd. Həftəsonu oxudum ki, Tramp da Pentaqounun adını dəyişib MÜHARİBƏ NAZİRLİYİ qoyur! Vallah, bu da Duqin kimi xərifləyir deyəsən! Nə oldu? Bəs Nobel sülh mükafatı almaq istəyirdin?

Seçilən
13
50
musavat.com

10Mənbələr