"“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, planlı və plandankənar yoxlamalar zamanı özəl tibb müəssisələrinin sənədləri araşdırılır və qeydə alınır".
Bakıvaxtı.az xəbər verir ki. bu barədə 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova danışıb.
Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar:
"Lakin yoxlamalarda məlum olur ki, bəzi müəssisələr müqaviləsiz əməkdaşlıq edir. Yoxlamalarda müəssisənin tibbi personalına dair şəxsi işlər araşdırılır. Əmək müqaviləsi bağlanmış şəxslərin məlumatları Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrində yoxlanılır. Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması və ya müddətinin bitdiyi aşkarlanır. Əgər müqavilə yoxdursa, pasiyentin sənədləri, qeydiyyat vərəqələri yoxlanılır. Pasiyentə tətbiq edilmiş bütün müayinələr, analizlər və müalicələr qeyd olunmalıdır. Qeydiyyatsız şəxslər aşkar edilərsə, reyestr vasitəsilə araşdırma aparılır".
T.Həsənova bildirib ki, vətəndaşlar, dövlət orqanları və ya media tərəfindən edilən əsaslı müraciətlər nəticəsində faktlar yoxlanılır:
"Qanun pozuntusu aşkarlandıqda İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1-ci maddəsinə görə:
Sertifikatsız və ya təhsilsiz şəxslər tərəfindən tibb fəaliyyəti: Fiziki şəxslər 300-500 manat, vəzifəlilər 800-1000 manat, hüquqi şəxslər 6000-8000 manat məbləğində cərimə tətbiq edilir.
İXM-in 215.4-cü maddəsinə görə:
Belə şəxslərin fəaliyyətinə icazə verilməsi: vəzifəlilər 800-1000 manat, hüquqi şəxslər 6000-8000 manat məbləğində cərimə tətbiq edilir".