Masazır gölünə qanunsuz tullantı axıdanlara qarşı tədbirlər gücləndirilir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlayıb.
Qeyd olunub ki, Masazır gölü ətrafında xeyli sayda əhali qeyri-qanuni şəkildə məskunlaşıb:
"Həmin ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Bununla belə, gölə çirkab sularının axıdılmasının qarşısını almaq məqsədilə göl ətrafında iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə tullantı suları Novxanı kollektoruna, oradan isə Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına yönləndirilir".
Agentlik bildirib ki, hazırda müşahidə olunan çirkab su axıntısı Masazır gölündən aralı və səviyyəcə hündürdə yerləşən digər təbii göldən gəlir. Həmin gölün ətrafında da qanunsuz məskunlaşan əhali çirkab sularını birbaşa gölə axıdır. Nəticədə su səviyyəsi qalxır və axıntılar Masazır gölünə tökülür. Mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı olmayan əhali tullantı sularının idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Vurğulanıb ki, "Su təchizatı və tullantı suları haqqında" Qanunu, həmçinin Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, tullantı suların idarə olunması sanitariya, gigiyena və ekoloji normalara uyğun şəkildə həyata keçirilməlidir.