AZ

Duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcək

Duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcək

Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraq məskunlaşıb. Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatının mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil.

Lakin əhalinin qanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasının qarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Novxanı kollektoruna, oradan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, çirkab su axıntısı Masazır gölündən aralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmin gölün ətrafında da qeyri-qanuni məskunlaşan əhali çirkab sularını qanunsuz olaraq gölə axıdırlar. Səviyyəsi artan göl isə Masazır gölünə tökülür.

Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

“Su təchizatı və tullantı suları haqqında” Qanuna və Nazirlər Kabinetinin 2005-ci il tarixli qərarına əsasən, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində tullantı suları xüsusi çirkab su quyularında toplanmalıdır. Bu quyular sukeçirməz, qapaqlı və yaşayış binalarından, məktəblərdən və uşaq bağçalarından ən azı 20–100 metr aralı olmalıdır. Quyular yarım ildən az olmayaraq təmizlənməlidir.

Qanun pozulduqda fiziki şəxslər 600–1000 manat aralığında cərimə edilə bilər.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən ərazidə mütəmadi reydlər keçirilir və qanunu pozanlara qarşı tədbir görülür.

Kanalizasiya sistemi olmayan ərazilərdə şəbəkənin qurulması məqsədilə layihə sənədləri hazırlanıb. Tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Seçilən
21
17
afn.az

10Mənbələr