Bakıda yol hərəkəti son günlərdə sürücülər üçün ciddi sınağa çevrilib. Şəhərin əsas prospekt və küçələrində avtomobillərin sıxlığı günü-gündən artır, bu isə həm sürücülərin vaxt itkisinə, həm də gündəlik həyatın çətinləşməsinə səbəb olur.
Məsələ ilə bağlı Ölkə.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, tıxacın artmasına səbəb istirahət dövrünün başa çatması ilə əlaqədardır.
Onun sözlərinə görə, artıq insanlar rayonlardan iş, təhsil üçün Bakıya qayıdırlar:
"Belə olan halda Bakı artıq yüklənir. Bakını biz xilas etməliyik. Bunun da kökü bölgələrdən gəlir. Bölgələrdə yaxşı təhsil, iş yerləri, əyləncə, istirahət mərkəzləri, parklar və s. hər bir şey olmalıdır ki, insanlar bölgələrdən didərgin düşməsin. İnsanların paytaxta axtardığı nə varsa, bölgələrdə də o şərait onlar üçün yaradılmalıdır. O zaman Bakı bu problemlərdən xilas ola biləcək.
Amma indiki vəziyyət heç də ürəkaçan deyil. İnsanlar iş, təhsil və daha yaxşı həyat şəraiti üçün Bakıya üz tuturlar. Bölgədə, kənddə, rayonda ən yaxşı şəraitə malik olanlar belə evlərini tərk edib kirayə mənzillərdə qalırlar. İş yerləri, təhsil imkanları və maraqlı həyat tərzi bölgələrdə yaradılmalıdır ki, insanlar öz yurdlarını, kəndlərini və yaşayış yerlərini tərk etməsinlər. Problemin əsas kökü məhz budur".
Ekspert qeyd edib ki, avtomobilləşmə də sürətlə artır:
"İnsanlarda şəxsi avtomobilə maraq böyükdür. İctimai nəqliyyat vaxtı ilə bərbad vəziyyətə düşmüşdü deyə insanlar şəxsi avtomobilə keçdilər. Lakin bu keçid indi bizə baha başa gəlir. Biz bunu əvvəllər iqtisadi fəallıq kimi qəbul edirdik. Bu gün məlum olur ki, bu heç də yaxşı bir şey deyilmiş. Avtomobillərin sayı çoxaldıqca, onlar üçün yollar lazımdır. Bu yolları çəkmək, düzəltmək çox çətindir. Böyük iqtisadi güc tələb edir, ortaya iqtisadi problemlər çıxır. Belə olan halda da artıq biz taleyimizlə barışmalı deyilik. Bununla mübarizə aparmalıyıq.
Ümid edirik ki, bu məsələlər müsbət həllini tapacaq və bununla bağlı Dövlət Proqramı var. Dövlət Proqramının icrasında biz müəyyən işarələr görürük; yaxşı, müsbət yanaşmalar var və bu yanaşmalar bizə ümid verir ki, tıxac problemindən yaxın vaxtlarda da olmasa, yaxın illərdə xilas ola bilərik".
Həmidə İbrahimova